Türk dünyasının mədəniyyətinə və elminə ağır itki üz verib. Görkəmli tarixçi-alim, yazar, ictimai xadim, Türk Tarix Qurumunun fəxri üzvü, professor İlbər Ortaylı 2026-cı il martın 13-də, 79 yaşında vəfat edib.
Azərbaycan Milli Elmlər Akademiyası İlbər Ortaylının vəfatı ilə bağlı başsağlığı mətni yayımlayıb.
Başsağlığında qeyd olunur ki, İlbər Ortaylı Türk dünyasının dünya elminə bəxş etdiyi nadir simalardandır. Bu böyük elm xadiminin Osmanlı tarixinə və qardaş Türkiyənin mühüm tarixi hadisələrinə və böyük şəxsiyyətlərinin xidmətlərinə həsr edilmiş elmi əsərləri tədqiqatçı elm xadimi ilə mütəfəkkir alim düşüncəsinin vəhdətini əks etdirən sanballı tədqiqatlardır.
Professor İlbər Ortaylı Türk dünyası akademik elmi mühitinin əsas ağsaqqallarından biri kimi yüksək nüfuz qazanmış böyük və parlaq şəxsiyyət idi.
Vurğulanır ki, görkəmli elm xadiminin ölkəmizlə əlaqələri Azərbaycan elm tarixinin müasir dövrünün əhəmiyyətli hadisələrinə çevrilib: “Ağsaqqal alimin çoxillik elmi fəaliyyətində Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş araşdırmalar da özünəməxsus yer tutur. O, eyni zamanda, müstəqil Azərbaycanın nailiyyətlərinin ardıcıl təbliğatçılarından biri idi. Professor İlbər Ortaylının Azərbaycanın tanınmış simaları və elm adamları ilə əlaqələri ölkələrimiz arasında yeni əməkdaşlıq körpülərinin qurulması və möhkəmləndirilməsində mühüm rol oynayıb.
Görkəmli elm xadimi İlbər Ortaylının vəfatı Türkiyə üçün olduğu kimi, Türk dünyasının elm aləmi üçün də ağır bir itkidir. Azərbaycan alimləri İlbər Ortaylının simasında əziz bir insanı, müdrik bir ağsaqqalı, nadir bir şəxsiyyəti, fədakar bir tədqiqatçını və etibarlı bir dostu itirmişdir. Qiymətli elmi əsərləri, yetirmələri və dostları professor İlbər Ortaylının adını və xatirəsini yaşadacaqlar.
Professor İlbər Ortaylının vəfatı ilə əlaqədar qardaş Türkiyə Cümhuriyyətinin akademik qurumlarına, türk alimlərinə və onun ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk", – deyə AMEA-nın başsağlığı mətnində bildirlir.






















