Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 4-6 iyul tarixlərində keçirilən Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb.

İyulun 6-da axşam “Marxal” istirahət kompleksinin Yay teatrında festivalın bağlanış mərasimi olub. 

Mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri tamaşaçılar qarşısında konsert proqramı ilə çıxış edib. Konsert Vətən müharibəsindəki şanlı Zəfərimizin 5 illiyinə həsr edilib.

Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri ilk dəfə 2004-cü il iyunun 21-də Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Kollektiv respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir. Orkestrin repertuarını müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi təşkil edir. Vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına üstünlük verilir. 

Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilovdur.

Konsert görkəmli bəstəkar Firəngiz Əlizadənin “Zəfər marşı” əsəri ilə başlayıb. Solistlər Əməkdar artist Tural Ağasiyev, Fatimə Cəfərzadə və Fəxri Kazım-Nicatın ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdən sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan hər kəsə minnətdarlıq ediblər.

Orkestrin bədii rəhbəri və dirijoru Səməd Vəkilova, həmçinin festivalın keçirilməsinə göstərdikləri dəstəyə görə əlaqədar qurumlara festivalın simvolu təqdim edilib.