Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfər edən mərakeşli jurnalistlər iyulun 5-də Azərbaycan Milli Kitabxanasının qonağı olublar.

Direktor Kərim Tahirov qonaqlarla görüşdə Azərbaycan Milli Kitabxanasının dünyanın 57 kitabxanası ilə əməkdaşlıq memorandumu imzaladığını, Mərakeş Milli Kitabxanası ilə mövcud müqavilənin oktyabr ayında yenilənəcəyini diqqətə çatdırıb.

Milli Kitabxananın 2023-cü ildə 100 illik yubileyinin qeyd edildiyini vurğulayan direktor dünyanın 95-dən artıq milli və universitet kitabxanası ilə kitab mübadiləsi edildiyini, həmçinin kitabxananın bir sıra beynəlxalq qurumlara üzv olduğunu deyib.

Direktor son iki ildə Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasının dünyanın 6 Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açıldığını da diqqətə çatdırıb. 

Kərim Tahirov Mərakeşin elektron "Media Nyus" jurnalının əməkdaşı Driss Lyakoubi, “Morocco World News” jurnalının həmtəsisçisi və direktoru Adnane Bennis, “Maroc Habdo” fransızdilli həftəlik siyasi jurnalının əməkdaşı Aissa Amourag və digər jurnalistlərin suallarını cavablandırıb.

Adnane Bennis tərəfindən “The Self-Determination Delusion: How Activist Scholars and Journalists Have Hijacked the Western sahara Case” kitabı Azərbaycan Milli Kitabxanasına hədiyyə edilib.

Sonra Azərbaycan Milli Kitabxanası ilə tanışlıq olub.

Sonda qonaqlara Milli Kitabxananın 100 illik yubileyi münasibətilə çap olunan fotoalbom hədiyyə edilib.