AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, tədqiqatçı Mərziyə Paşayevanın 100 illiyinə həsr olunmuş tədbir (30 iyun) keçirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov giriş sözündə uzun illər Əlyazmalar İnstitutunun əməkdaşı olmuş Mərziyə Paşayevanın Azərbaycan ədəbi irsi, klassik poeziya və əlyazmaların tədqiqi sahəsində gördüyü mühüm işlərdən bəhs edib.
Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi Maral Poladova və Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Jalə Rüstəmova “Mərziyə xanım bir məktəb idi...” və “İlklərin nümayəndəsi Mərziyə Paşayeva – 100” mövzularında məruzələrini təqdim ediblər.
Məruzələrdə Mərziyə Paşayevanın bir sıra görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin şəxsi arxiv materiallarının, o cümlədən şəxsi kolleksiyalardan əlyazmaların toplanması, işlənməsi və oxucu kataloqunun tərtibi sahəsindəki xidmətlərindən bəhs edilib.
İnstitutun Əski çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Tahirə Həsənzadə, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nailə Səmədova və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimova çıxış edərək Mərziyə Paşayeva ilə bağlı xatirələri ilə bölüşüb, onun Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Salman Mümtaz kimi ədəbiyyat və mədəniyyət xadimlərininın arxivlərinin təsvirinə dair nəşrlərindən söz açıblar.
Tədbir çərçivəsində institut kitabxanasının müdiri Briliant Hacıyeva və elmi arxivin mütəxəssisi Çinarə Qəbulova tərəfindən hazırlanmış “Mərziyə Paşayeva – 100” adlı videoslayd nümayiş olunub.