Quba-Xaçmaz RMİ-nin tabeliyindəki Quba Tarix-Diyarşünaslıq Muzeyində Meksika mədəniyyətinə xas olan milli oyuncaqlardan, eləcə də bu mövzuda rəsm və fotolardan ibarət sərgi keçirilib.

Meksikanın Azərbaycandakı Səfirliyinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan sərgi diplomatik nümayəndəliyin təşəbbüsü ilə təşkil edilib.

Tədbirdə Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgidə Meksika və Azərbaycan mədəniyyətini birləşdirən loqolar da nümayiş olunub.

Səfirliyin nümayəndələri tərəfindən Meksika mədəniyyətinə xas olan milli oyuncaqlar, fotoşəkillər, milli musiqi alətləri və əşyalar haqqında məlumat verilib.

Sonda səfirliyin nümayəndələri Quba Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

Qonaqlara muzeydəki eksponatlar barədə ətraflı məlumat verilib.

Nurəddin