Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə cari ilin əvvəlində Almaniyada silsilə konsertlərlə çıxış edib.

Şlezviq-Holstayn Teatrının (Schleswig-Holsteinisches Landestheater) Simfonik orkestri ilə birgə keçirılən konsert haqqında ətraflı məlumatı, müəlliflik hüquqlarının qorunması ilə əlaqədar olaraq, yalnız bu günlərdə mediaya açıqlamağa icazə verilib. 

Səfər təəssüratını bölüşən tarzən Almaniya şəhərlərində mədəni irsimizin təbliği baxımından konsertlərin faydalı olduğunu deyib: "Azərbaycan musiqisi öz əsrarəngizliyi ilə bir daha alman dinləyicilərini heyran etdi. Tamaşaçılar musiqimizi böyük maraqla dinlədilər".

Sahib Paşazadə Almaniyanın Şlezviq-Holştayn federal vilayətinin beş  şəhərində Şlezviq-Holştayn Teatrının Simfonik orkestri ilə birlikdə konsert proqramı ilə çıxış edib. Orkestr il ərzində səkkiz mövsüm konsertlə tamaşaçıların qarşısına çıxır.

Azərbaycanlı tarzənin iştirak etdiyi "Romantik" adlı konsertlər dördüncü mövsümü əhatə edib və Sahib Paşazadə bu konsertlərdə orkestrlə çıxış edən yeganə solo ifaçı olub. Layihə eyni zamanda "Schleswig-Holsteinisches Landestheater"in yaranmasının 50 illiyinə həsr olunub.

Flensburq, Şlezviq, Husum, İtsexo, Rendsburq şəhərlərində baş tutan konsertlər böyük maraq və alqışlarla qarşılanıb və ifaçılıq sənətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan xalq çalğı alətləri ifaçılığında, xüsusilə instrumental sahədə xarici ölkələrin simfonik orkestrləri ilə birgə verilən konsertlər üçün çox nadir musiqi hadisələrindən biridir.

Alman dirijor Ekhart Uaychikin idarə etdiyi konsertlərdə Hacı Xanməmmədovun “Tar üçün 2 nömrəli konsert”i səslənib. Bu əsərin seçilməsi də əbəs deyil. Hələ beş il əvvəl, 2020-ci ildə Sahib Paşazadənin həmin əsəri Moskvada Çaykovski adına Konservatoriyanın Böyük zalında Svetlanov adına simfonik orkestr ilə birlikdə ifa etməsi lentə alınaraq Fransanın dünyaca məşhur MEZZO TV kanalı tərəfindən yayımlanmış və geniş rezonans doğurmuşdu.

Milli ifaçılıq sənətimizin təbliği baxımından bu konsertlər Azərbaycan tarının Almaniyada triumfu kimi dəyərləndirilə bilər. Tarın sehrinə düşən dinləyicilər hər konsertdə alqışlarla ifaçını yenidən səhnəyə çağırıblar. Sahib Paşazadə təkrar-təkrar səhnəyə qayıdaraq "Segah", "Çahargah", "Bayatı Şiraz" muğamlarından parçalar səsləndirib. Məharətlə ifa olunan Azərbaycan muğamları alman musiqisevərlərin qəlbini fəth edib.

Qeyd edək ki, Əməkdar artist bu layihəyə "Schleswig-Holsteinisches Landestheater"in rəhbəri, məşhur dirijor Harish Shankarın dəvəti ilə qatılıb. Harish Shankar və Sahib Paşazadə 2023-cü ildə Almaniyanın Bridges Kamera Orkestri ilə birlikdə müxtəlif şəhərlərdə 12 silsilə konsertlə çıxış etmişdilər. Bu konsertlər zamanı Harish Shankar tarzənin ifaçılıq xüsusiyyətlərini yüksək qiymətləndirərək onu növbəti mövsüm üçün rəhbəri olduğu orkestrlə birgə konsertə dəvət etmişdi.