ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı – “Azərbaycan” qəzetinin (1918–1920) külliyyatının nəşri layihəsi davam edir.

2021-ci ildə çapı başlanan külliyyat 20 cilddən ibarət olacaq.

Qəzetin əski əlifbada (ərəb qrafikalı) çap olunmuş nömrələrini latın qrafikalı Azərbaycan əlifbasına filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edirlər.

Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.

Külliyyatın 12-ci cildi “Azərbaycan” qəzetinin 1919-cu ilin sentyabr ayı üzrə nömrələrini (266–286) əhatə edir. Cild hazır materiallar əsasında “Çaşıoğlu Eİ-MMC” mətbəəsində çap olunub.

12-ci cildə dair məxsusi qeyddə bildirilir ki, qəzetin 1 sentyabr 1919-cu il tarixli 265-ci nömrǝsini tapmaq, tǝǝssüf ki, mümkün olmayıb. Külliyatın nǝşri başa çatmadan bu nömrǝ ǝldǝ edilǝrsǝ, transliterasiyası son cilddǝ verilǝcǝk.

“Azǝrbaycan” qǝzetindǝki materiallar Azǝrbaycan Xalq Cümhuriyyǝtinin bilavasitǝ tarixini ǝks etdirir. Qǝzetin sǝhifǝlǝrindǝ Azǝrbaycan Hökumǝtinin qǝrarları, Parlament üzvlǝrinin çıxışları, paytaxtda vǝ bölgǝlǝrdǝ baş verǝn hadisǝlǝrin tǝfǝrrüatı, müxtǝlif tǝhlillǝr, xatirǝlǝr ǝksini tapıb. O cümlədən Qarabağ, Zǝngǝzur bölgǝlǝrinǝ dair materiallar tarixi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Cümhuriyyǝtin xarici dövlǝtlǝrlǝ münasibǝtlǝri, dövrün ab-havası müfǝssǝl şǝkildǝ qǝzetin sǝhifǝlǝrindǝ ǝks olunub.

İlk dörd nömrǝsi Gǝncǝdǝ, sonrakı nömrǝlǝri Bakıda nǝşr edilǝn “Azǝrbaycan” qǝzetinin 15 sentyabr 1918 – 28 aprel 1920 tarixlǝri arasında 443 nömrǝsi çapdan çıxıb.

Qǝzetin redaktorları müxtǝlif vaxtlarda Ceyhun Hacıbǝyli, Şǝfi Rüstǝmbǝyli, Üzeyir Hacıbǝyli vǝ Xǝlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olublar.

“Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi” kimi təqdim olunan nəşrin əksər nömrələri 4 sǝhifǝ hǝcmindǝ çıxsa da, bǝzi nömrǝlǝrdǝ sǝhifǝlǝrin sayı fǝrqli olub. Hǝr sǝhifǝdǝki sütunların sayı vǝ sǝhifǝlǝrin ölçüsü də nəşr müddǝtində bir neçǝ dǝfǝ dǝyişib.

“Azǝrbaycan” qǝzetinin nüsxǝlǝri Azǝrbaycan Respublikasının Milli Arxiv İdarǝsindǝ, Azǝrbaycan Respublikasının Dövlǝt Arxivindǝ, Azǝrbaycan Respublikası Prezidentinin İşlǝr İdarǝsinin Siyasi Sǝnǝdlǝr Arxivindǝ, AMEA-nın Mǝhǝmmǝd Füzuli adına Əlyazmalar İnstitutunda vǝ Azǝrbaycan Milli Kitabxanasında pǝrakǝndǝ halda saxlanmaqdadır.

ADA Universitetinin rektoru professor Hafiz Paşayevin nəşrə yazdığı ön sözdə vurğulandığı kimi, qəzetin transliterasiyası və kitab halında nəşri Azǝrbaycan Xalq Cümhuriyyǝti tarixşünaslığında yeni sǝhifǝ açaraq gələcək tǝdqiqatlar üçün mühüm stimul olacaq. Qǝzetin müasir oxucu üçün ǝlçatan olması tariximizin Cümhuriyyǝt dövrü kimi zəngin sǝhifǝsinin öyrǝnilmǝsi baxımından çox ǝhǝmiyyǝtlidir.

Hər cildin sonunda verilən “Adlar göstǝricisi”nə mǝtndǝki bütün şǝxs, yer, dövlǝt, xalq, qurum, idarǝ, tǝşkilat, şirkǝt vǝ s. adları, hǝtta bǝzi xüsusi terminlǝr daxil edilib.

Qəzetin hǝr nömrǝsindǝn sonra ǝlavǝ edilǝn “Qeyd vǝ şǝrhlǝr”dǝ isə oxucular üçün faydalı mǝlumatlar yer alır. Bu bölmədə qǝzetdǝki mürǝttib xǝtalarından bǝzilǝri (xüsusilǝ ǝhǝmiyyǝtli olanları) dǝ göstǝrilib.

Qeyd edək ki, “Azərbaycan” qəzeti (1918–1920) külliyyatının 13-cü cildi də çapa hazırdır və yaxın vaxtlarda işıq üzü görəcək. 

Külliyyatın hazır cildlərini burada oxumaq olar.

Vüqar Orxan