İyulun 8-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu müəssisənin mərhum əməkdaşı filologiya elmləri doktoru, dosent Pərvanə Bəkirqızının (İsayeva) Ankarada türkcə nəşr olunmuş “Mifopoetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı keçirilib.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli giriş sözündə Pərvanə Bəkirqızının (1969-2025) elmi fəaliyyəti barədə danışıb. Qeyd edib ki, Pərvanə Bəkirqızı Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri” mövzusunda namizədlik və “XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkürü (nəsr və dramaturgiya əsasında)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar şöbəsində və Filologiya üzrə Ekspert Şurasında müavin vəzifəsində fəaliyyət göstərib.

“Alimin ömür yolu yaratdığı əsərlərin ömrü ilə ölçülür və davam edir. Mükəmməl elmi əsər yazan alimlər əbədi yaşamaq haqqı qazanırlar”, - deyən İsa Həbibbəyli vurğulayıb ki, Pərvanə Bəkirqızının əsərləri də elmi-nəzəri səviyyəsi, əhatə dairəsi və yeniliyi etibarilə alim ömrünü əbədi davam etdirəcək əsərlər sırasındadır. Onun “Faciə janrının poetikası və tədqiqi problemləri” adlı monoqrafiyası ədəbiyyatşünaslığımızda məktəb yaratmış Yaşar Qarayevdən sonra Azərbaycan elmində faciə janrı haqqında yazılmış ən yaxşı əsərlərdən biridir.

AMEA rəhbəri çıxışında Pərvanə Bəkirqızının elmi fəaliyyətinin əsasən XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu və mifopoetik təfəkkürünün tədqiqinə həsr olunduğunu söyləyib, mərhum alimin əsərlərinin elmi əhəmiyyəti ilə yanaşı, mühüm bir azərbaycanşünaslıq hadisəsi olduğunu qeyd edib.

İnstitutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru professor Tahirə Məmməd “Ömrün davamı” adlı məruzə ilə çıxış edib. Məruzəçi diqqətə çatdırılıb ki, alimin “Mifopoetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabı ədəbiyyat və mifologiyanın dərin əlaqələrini araşdıran zəngin bir tədqiqatdır. Türk və Azərbaycan ədəbiyyatındakı mifopoetik izləri tədqiq edən bu əsər mifin ədəbi düşüncə üzərindəki təsirini dərinləşdirir və bu sahədə müasir nəzəriyyələrə işıq tutur. Bu nəşr müasir ədəbiyyatda mifologiyanın dərin izləri və gücünü araşdırmaq istəyənlər üçün qiymətli əsərdir.

Professor Mahirə Hüseynova, dosent Sara Osmanlı, professor Rəhilə Qeybullayeva, dosent Maral Yaqubova, filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova, elmi işçi Şəmsurə İsmayılova, filologiya elmləri doktoru Cəlal Bəydili (Məmmədov) Pərvanə Bəkirqızının yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xatirələrini bölüşüblər.