Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi ölkəmizdə memarlıq ali təhsilinin əsasını qoymuş, zəngin tarixə və ənənələrə malik elmi mərkəzlərindən biridir. 100 ildən artıq fəaliyyəti dövründə bu fakültə yalnız memarlar yetişdirməklə kifayətlənməyib, həm də şəhərsalmanın, abidələrin qorunması və bərpasının, memarlıq düşüncəsinin formalaşmasının mühüm akademik məkanı olmuşdur. Hazırda fakültəyə 10 ildən artıq rəhbərlık edən Əməkdar memar, professor Zahidə Məmmədova bu böyük ənənəni davam etdirərək, həm təhsil sahəsində müasir yanaşmalar tətbiq edir, həm də Azərbaycanın memarlıq gələcəyinə strateji baxış gətirir.

Memarlıq fakültəsi nəinki Azərbaycanın, həm də beynəlxalq elmi-ictimaiyyətin diqqət mərkəzindədir. Britaniya Memarlarının Kral İnstitutu – RIBA tərəfindən iki dəfə ardıcıl olaraq akkreditasiyadan keçməsi bu fakültənin dünya səviyyəsində tanındığının və yüksək tədris keyfiyyətinin sübutudur.

Fakültənin son illərdə həyata keçirdiyi layihələr arasında xüsusilə diqqət çəkən məqamlardan biri də SABAH qrupları ilə işlənən "Ağdam nümunəsində Qarabağın davamlı inkişafı" adlı elmi-tədqiqat və konseptual layihədir. Bu layihə hələ 2017-ci ildə – Qarabağın işğaldan azad olunmasından 3 il əvvəl hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdu. Bu, o deməkdir ki, Memarlıq fakültəsinin professor-müəllim heyəti həmin torpaqların azad ediləcəyinə sarsılmaz inamla yanaşır, bu istiqamətdə elmi baxışlarını öncədən formalaşdırırdılar. Bu gün isə həmin ərazilərin bərpasında, dirçəldilməsində fəal iştirak edirlər.

Təsadüfi deyil ki, 2021-ci ildə fakültənin professor-müəllim heyəti ən yaxşı tələbələri ilə birgə “Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələri”nin təqdim etdilər. Bu layihə yenicə azadlığa qovuşan Şuşa üçün bir nəfəs oldu, Prezident, Ali Baş Komandan İlham Əliyevin “... Əziz Şuşa, biz səni dirçəldəcəyik” sözlərinin bir növ möhürü oldu.

Bütün bunları, müasir memarlıq tədrisi, milli yanaşma və digər məsələləri fakültənin dekanı Əməkdar memar, professor Zahidə Məmmədova ilə geniş şəkildə müzakirə etdik.

– Zahidə xanım, Azərbaycanın memarlıq təhsili dedikdə ilk ağıla gələn fakültənin – Memarlıq fakültəsinin bu günə qədər keçdiyi 100 illik yola qısa bir baxış etsək, hansı məqamları xüsusi vurğulamaq istərdiniz?

– Azərbaycanın memarlıq təhsilinin əsası ötən əsrin əvvəllərində – 1920-ci ildən sonra qoyulub. O dövrdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanan ali məktəbin tərkibində fəaliyyət göstərən İnşaat fakültəsinin Memarlıq bölməsi bu istiqamətdə kadr hazırlığının ilkin ünvanı olub. 1951-ci ildən bu iş Azərbaycan Politexnik İnstitutunun tərkibində davam etdirilib və nəhayət, 1968-ci ildə müstəqil Memarlıq fakültəsinin yaradılması ilə memarlıq təhsili yeni mərhələyə qədəm qoyub.

Bu gün fakültəmiz 100 ildən artıq yaşı olan, zəngin ənənələri ilə seçilən elm və tədris məkanıdır. Yalnız Azərbaycanın deyil, ümumiyyətlə regionun memarlıq təhsili tarixində mühüm yerə malik olan fakültəmiz, həm digər fakültələr arasında, həm də ölkəmizdə “Memarlıq” ixtisası üzrə fəaliyyət göstərən ali məktəblər arasında daim ön sıralarda qərarlaşıb. Bu üstünlüyün təməlində isə professor-müəllim heyətimizin yüksək elmi və peşəkar potensialı dayanır.

Hazırda fakültədə 8 memarlıq üzrə elmlər doktoru, 9 professor, 25 fəlsəfə doktoru və dosent fəaliyyət göstərir. Onlar memarlıq layihələndirilməsi, şəhərsalma, abidələrin bərpası sahələrində ölkəmizin tanınmış alimləri və praktik mütəxəssisləridir. Fakültəmizdə həmçinin “Şöhrət” ordenli pedaqoqlar,     Əməkdar memarlar və Dövlət mükafatı laureatları tədris prosesində bilik və təcrübələrini gənc memarlarla bölüşürlər. Biz bu tarixi irsə arxalanaraq, onu müasir çağırışlarla sintez edir və beynəlxalq təhsil standartlarına uyğun təhsil modeli qururuq. Bu baxımdan Bolonya sisteminə inteqrasiya, elektron universitet modelinin tətbiqi və fakültəmizin nüfuzunun artması – bütün bunlar son illər ərzində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.

– Fakültənin formalaşmasında iştirak etmiş görkəmli alim və memarların rolu barədə nə deyə bilərsiniz? Onların ənənəsi bu gün necə yaşadılır?

– Memarlıq fakültəsinin bu gün əldə etdiyi nüfuz və elmi-pedaqoji nailiyyətlər, şübhəsiz ki, onun təməlini qoymuş və inkişafında mühüm rol oynamış görkəmli alim və memarların fədakar əməyinin nəticəsidir. Fakültəmizin ilk dekanı olmuş dosent Boris Georgiyeviç Revazovun adı bu kontekstdə xüsusilə hörmətlə xatırlanır. Ardınca Əməkdar memar Həsənağa Məcidov, dosent Elcarun Kanukov, professor Ramiz Əbdülrəhimov, professor Tofiq Abdullayev kimi tanınmış simaların rəhbərliyi ilə fakültəmiz həm tədris, həm də elmi istiqamətdə mühüm irəliləyişlər əldə edib.

Bu gün də həmin ənənələr yaşadılır və yeni mərhələdə inkişaf etdirilir. Fakültəyə 2012-ci ildən rəhbərlik etdiyim dövrdə əsas diqqət yetirdiyim məsələlərdən biri məhz bu irsi qorumaq və müasir elmi yanaşmalarla zənginləşdirmək olub.

Hazırda fakültəmizdə ölkəmizin memarlıq elminin aparıcı nümayəndələri tədris prosesində yaxından iştirak edirlər. Bunlar arasında rektorumuz, memarlıq doktoru, professor Gülşöhrə Məmmədova, Memarlar İttifaqının idarə heyətinin sədri sədri professor Elbəy Qasımzadə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, professor Aybəniz Həsənova, professor Rayihə Əmənzadə, professor Nizami Nağıyev, professor Ramiz Əbdülrəhimov, professor Şəhla Qəhrəmanova, professor Elkin Ələsgərov, dosent Nərmin Yusifli və dosent Nazim Vəliyev kimi görkəmli alim və praktik memarlar var.

Fəxrlə qeyd etməliyik ki, Memarlıq fakültəsinin məzunları Azərbaycanın memarlıq tarixində və memarlıq təhsilində silinməz izlər qoyublar. Mikayıl Useynov, Sadıq Dadaşov, Ənvər Qasımzadə, Əbdülvahab Salamzadə, Kamal Məmmədbəyov, Qəzənfər Əlizadə, Davud Axundov kimi isimlər bu məktəbin yetirmələri olub. Daha sonrakı nəsillərdən Cəfər Qiyasi, Ramiz Əbdülrəhimov, Aybəniz Həsənova, Elbəy Qasımzadə, Rafael Həsənov, Fəxrəddin Miralayev və digərlərinin müəllifi olduqları layihələr bu gün də şəhər mühitimizin simasını müəyyən edir.

Eyni zamanda, fakültə əməkdaşları tərəfindən tərtib olunmuş 100-dən çox monoqrafiya, dərslik və metodik vəsait, memarlıq sahəsində tədrisin elmi əsaslarla təmin olunmasına xidmət edir. Bu nəşrlər – “Qafqaz Albaniyasının memarlığı”,  “Azərbaycan memarlıq tarixi”, “Memarlıq abidələrinin bərpasının əsasları”, “Ümumdünya memarlıq tarixi”, “Şəhərsalmanın layihələndirilməsi”, “Memarlığın tipologiyası”  kimi fundamental əsərlər – gənc memarların formalaşmasında bu gün də əsas qaynaq kimi istifadə olunur.

Bütün bunları ümumiləşdirsək, əminliklə deyə bilərəm ki, bu gün Memarlıq fakültəsi yalnız tarixi irsə söykənən deyil, həm də onu daşıyan, inkişaf etdirən və gələcək nəsillərə ötürən canlı bir akademik mərkəzdir.

– RIBA akkreditasiyası bu gün dünyanın ən nüfuzlu memarlıq təşkilatlarından biri tərəfindən verilir. Fakültənin bu akkreditasiyanı 2019-cu ildə və yenidən 2024-cü ildə əldə etməsi hansı meyarlarla mümkün oldu? Bu, tələbələrə və müəllimlərə hansı imkanlar qazandırır?

– RIBA akkreditasiyası, yəni Britaniya Memarlarının Kral İnstitutunun təsdiqi, bu gün memarlıq sahəsində beynəlxalq tanınmanın və etimadın ən yüksək göstəricilərindən biridir. Bu nüfuzlu qurumun tələbləri olduqca sərtdir və bu akkreditasiyanı almaq üçün universitetlər tədrisin keyfiyyətindən tutmuş, maddi-texniki baza, müəllim heyəti, dərslik və proqramlar, layihə tapşırıqları, ən başlıcası tələbələrin təqdim etdiyi portfoliolar və ümumilikdə təhsil mühitinə qədər bütün sahələrdə yüksək standartlara cavab verməlidirlər.

Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq biz ilk dəfə bu akkreditasiyanı 2019-cu ildə aldıq və bu, bizim üçün tarixi bir nailiyyət idi. Təsəvvür edin, həmin il bütün dünyada cəmi 11 ali memarlıq məktəbi bu hüququ qazandı və onların arasında AzMİU-nun Memarlıq fakültəsi də yer aldı. Bu, bizi MDB məkanında RIBA akkreditasiyasına sahib olan yeganə ali məktəbə çevirdi.

Lakin daha önəmlisi odur ki, bu uğur təsadüfi olmadı. 2015-ci ildən başlayaraq universitet rəhbərliyinin, xüsusilə də rektorumuz professor Gülçöhrə Məmmədovanın bilavasitə təşəbbüsü və dəstəyi ilə fakültəmizdə əsaslı islahatlar həyata keçirildi. Tədris planlarımız, kurs layihələrinin məzmunu, dərslik və proqramlarımız RIBA-nın tövsiyələrinə əsasən yenidən hazırlandı. Maddi-texniki baza gücləndirildi, yeni və müasir tədris binamız istifadəyə verildi, smart texnologiyalar, kompüter laboratoriyaları, 3D printerlər, lazer skanerlər və digər avadanlıqlarla təchiz olundu. Tələbələrin yaradıcılığını inkişaf etdirən studiyalar və layihə dərslərinə xüsusi önəm verildi.

2024-cü ildə isə biz bu akkreditasiyanı növbəti dəfə uğurla yenilədik. RIBA-nın ekspert heyəti AzMİU-ya səfər edərək həm fakültədəki tədris keyfiyyətini, həm də layihə sərgilərimizi, müəllim-tələbə əlaqələrini və beynəlxalq əməkdaşlıqlarımızı yüksək qiymətləndirdi. Bu o deməkdir ki, bizim memarlıq təhsilimiz artıq yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də tanınır və rəqabətə davamlıdır.

Bu akkreditasiya həm tələbələrimiz, həm də müəllim heyəti üçün çoxsaylı imkanlar açır. Məzunlarımız diplomlarına əlavə olunan RIBA akkreditasiyası sənədi ilə Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada tanınan memarlar kimi fəaliyyət göstərə bilirlər. Bu isə onlara genişmiqyaslı karyera perspektivləri və sərhədsiz iş imkanları qazandırır. Müəllimlərimiz üçün isə bu, beynəlxalq şəbəkəyə qoşulmaq, müasir tədris metodlarını tətbiq etmək və qlobal memarlıq cərəyanlarını daha yaxından izləmək imkanı deməkdir.

Biz bu uğuru yalnız bir sertifikat kimi yox, həm də ölkəmizin memarlıq təhsilinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndiririk. Bu, Azərbaycanın çoxəsrlik memarlıq irsinin davam etdirilməsində, müasir və davamlı şəhərsalmanın formalaşmasında müasir memarlıq təhsilimizə ciddi töhfə verən bir addımdır.

– Tədris prosesində layihə studiyalarında aparılan işlər, ustad dərsləri və beynəlxalq workshoplar tələbələrin hazırlığında nə kimi üstünlüklər yaradır?

– Bu gün memarlıq təhsili yalnız nəzəri biliklərlə kifayətlənməməlidir. Tələbənin memar kimi formalaşması üçün o, mütləq şəkildə real layihə mühitində işləməli, multidissiplinar düşünməyi öyrənməli, fərqli məktəblərin yanaşmaları ilə tanış olmalı və praktik bacarıqlara yiyələnməlidir. Məhz bu məqsədlə biz Memarlıq fakültəsində tədrisin əsasını layihə studiyaları üzərində qurmuşuq.

Layihə studiyalarında aparılan işlər tələbənin yaradıcı potensialını üzə çıxarır, düşüncəsini sərbəstləşdirir və ona fərqli funksional, estetik və texniki problemləri kompleks şəkildə həll etməyi öyrədir. Tələbə burada yalnız kağız üzərində deyil, real kontekstə uyğun şəkildə dizayn etməyi öyrənir. Üstəlik, bu dərslərdə kollektiv müzakirələr, müəllim və tələbə arasında interaktiv dialoqlar tələbənin qərarvermə qabiliyyətini və öz layihəsini əsaslandırmaq bacarığını formalaşdırır.

Ustad dərsləri isə tələbələrimiz üçün əsl ilham mənbəyidir. Bizim fakültəyə müxtəlif ölkələrdən – İtaliya, Fransa, Türkiyə, ABŞ, Almaniya, İspaniya və digər ölkələrdən tanınmış memarlar dəvət olunur. Onlar tələbələrlə birbaşa işləyir, real layihə təcrübələrini bölüşür, yanaşma fərqlərini izah edirlər. Bu, tələbələrin dünyagörüşünü genişləndirir və onlara beynəlxalq memarlıq diskursuna inteqrasiya olunmaq imkanı yaradır.

Beynəlxalq workshoplar isə bir növ simulyasiya mühitidir – tələbələr burada müxtəlif ölkələrin memarlıq məktəblərindən olan həmyaşıdları ilə birgə qruplarda işləyərək, fərqli mədəni və sosial kontekstlərdə layihə hazırlayırlar. Bu proses həm komandada işləmək, həm də öz ideyasını başqa mədəniyyətlərə təqdim etmək və əsaslandırmaq baxımından tələbə üçün misilsiz təcrübədir.

Qısası, layihə studiyaları, ustad dərsləri və beynəlxalq workshoplar tələbənin yalnız bilik deyil, həm də bacarıq, düşüncə tərzi və yaradıcılıq baxımından tam formalaşmış memar kimi yetişməsinə xidmət edir. Bu yanaşma nəticəsində məzunlarımız təkcə yerli deyil, qlobal əmək bazarında da rəqabətə davamlı və tələb olunan mütəxəssislərə çevrilirlər.

– Fakültə hələ 2017-ci ildə “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsini hazırlamışdı. O zaman bu cəsarətli və uzaqgörən layihəni həyata keçirməyə sizi vadar edən əsas səbəblər nə idi?

– Bəli, hələ 2017-ci ildə, torpaqlarımız işğal altında olduğu bir dövrdə Memarlıq fakültəsi olaraq “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsini hazırlamağımız, bir çoxları üçün həm cəsarətli, həm də simvolik addım kimi görünürdü. Ancaq bizim üçün bu, sadəcə layihə deyildi — bu, milli yaddaşın, memarlıq kimliyimizin və ərazi bütövlüyümüzə olan inamın ifadəsi idi.

Bu təşəbbüsə bizi vadar edən əsas səbəb ilk növbədə bir memarlıq məktəbi kimi milli məsuliyyət hissimiz idi. Biz o dövrdə də inanırdıq ki, işğal olunmuş torpaqlarımız gec-tez azad ediləcək və həmin məkanlar təkcə bərpa olunmalı deyil, həm də dayanıqlı, çağdaş şəhərsalma prinsipləri əsasında yenidən qurulmalıdır. Hazırladığımız bu layihə ilə biz gələcəyə bir baxış sərgilədik – tarixə və mədəni irsə hörmətlə yanaşaraq, Qarabağın gələcək inkişaf modelini elmi əsaslarla və qabaqcıl memarlıq yanaşmaları ilə təqdim etdik.

Digər mühüm səbəb isə tələbələrimizə və gənc memarlara bu ərazilərin yalnız keçmişdən ibarət olmadığını, eyni zamanda gələcəyin şəhərləri üçün ilham mənbəyi ola biləcəyini göstərmək idi. Bu layihə həm də təhsil prosesində vətənpərvərlik ruhunun, sosial məsuliyyətin və peşəkar məsuliyyətin aşılanması baxımından mühüm rol oynadı.

Bu gün artıq Qarabağ azaddır. Sevindirici haldır ki, həmin illərdə ideya səviyyəsində hazırladığımız layihələr indi real bərpa və quruculuq prosesinə inteqrasiya olunur. Bu isə o deməkdir ki, biz yalnız müəllim kimi deyil, həm də memar kimi zamanın çağırışını dərk edib, gələcəyə yönəlik düşünməyi bacarmışıq.

– Bu gün azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma layihələrində fakültənin rolu nə dərəcədə hiss olunur?

– Azad olunmuş ərazilərdə —Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin rolu açıq şəkildə hiss olunur. Əsas səbəb isə çox sadədir: Azərbaycanda fəaliyyət göstərən memarların təxminən 90 faizi məhz bizim fakültənin məzunlarıdır. Onlar həm dövlət, həm də özəl sektorda aparıcı mövqelərdə çalışırlar və bu gün Qarabağın və digər azad edilmiş bölgələrin yeni simasını məhz həmin məzunlarımız formalaşdırır.

Bundan əlavə, torpaqlarımız azad olunandan sonra biz kurs işləri, magistr disertasiyalarının mövzularında radikal dəyişiklik etdik. İndi bütün mövzular azad olunmuş ərazilərin memarlığı, bərpası, şəhərsalması ilə bağlıdır.

Fakültə olaraq biz təkcə kadr yetişdirməklə kifayətlənmirik. Hələ uzun illər əvvəl, digər ali məktəblər memarlıq təhsilinə yeni başladığı vaxtlarda da Azərbaycanda memarlıq üzrə sistemli və elmi əsaslara söykənən tədris ənənəsini biz qurmuşuq. Digər ali təhsil müəssisələri bu sahədə çox şeyi məhz bizdən öyrənərək öz sistemlərini formalaşdırıblar. Yəni bu gün ölkədə memarlıq təhsili varsa, bu təməl AzMİU-da qoyulub.

Cənab Prezidentin, Ali Baş Komandan İlham Əliyevin “... Əziz Şuşa, biz səni dirçəldəcəyik” ifadəsini işlətdiyi həmin o məhşur, tarixi bəyanat bizim üçün bir siqnal oldu. 2021-ci ildə Beynəlxalq abidələr gününə həsr olunmuş “Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələri”nin təqdimat mərasimi keçirdik. Bu layihədə Şuşanın ayrı-ayrı memarlıq abidələrinin arxivlərdən eskizləri, cizgiləri, fotoşəkilləri və s. kimi məlumatlar götürülərək onların tarixi, memarlıq-dekorativ xüsusuyyətləri tədqiq edilib, internet resursları vasitəsi ilə indiki vəziyyəti araşdırılıb və eskiz-bərpa layihələri işlənib. Sonra tələbələr Aşağı və Yuxarı Gövhər Ağa məscidi, Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Həsən bəy Vəzirovun və başqalarının ev muzeyləri, hamam, karvansaray və bulaqların bərpa eskiz layihələrini hazırladılar. Bərpa layihələri təqdim edilən abidələrin hamısının 3-D görünüşü tələbələr tərəfindən işlənilmişdi. Sonra biz Şuşaya və Ağdama səfər etdik. Həmin səfərlər zamanı biz tələbələri seçərkən fərdi yanaşdıq. Belə ki, "Ağdam nümunəsində Qarabağın davamlı inkişafı" layihəsində işləyən tələbələrimizi Ağdama, “Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz” layihələrində işləyən tələbələrimizi isə Şuşaya apardıq. Onlar yeni nəfəs verdikləri o abidələri, tikililəri öz gözləri ilə gördülər, əlləri ilə toxundular, nə qədər şərəfli bir işlə məşğul olduqlarını bir daha hiss etdilər.

Bilirsiniz, azad olunmuş ərazilərdə bu gün gerçəkləşən şəhərsalma layihələri artıq təkcə fiziki bərpa deyil, həm də milli kimliyin, tarixi yaddaşın və müasir memarlığın harmoniyasını əks etdirən unikal nümunələrdir. Ağalı “ağıllı kənd” konsepti, Füzuli və Laçın şəhərlərinin baş planları, Şuşada tarixi irsin qorunması ilə yanaşı, müasir tələblərə cavab verən məkanların yaradılması — bunların hər birində memar məzunlarımızın imzası var.

Bizim üçün xüsusilə qürurverici məqamlardan biri də budur ki, bu layihələrdə çalışan memarlar yalnız texniki icraçı deyil, həm də məkanın ruhunu anlayan, onun tarixi-mədəni kontekstinə həssas yanaşan yaradıcı peşə sahibləridir. Bu isə yalnız yüksək keyfiyyətli təhsil və elmi əsaslarla formalaşan bir məktəbin nəticəsi ola bilər.

Təvazökarlıqdan uzaq olsa da, demək istəyirəm ki, azad olunmuş ərazilərdə baş verən memarlıq inkişafı təkcə tikinti və layihələndirmə deyil — bu, bizim fakültənin illərlə formalaşdırdığı peşəkarlığın, milli məsuliyyətin və qabaqcıl memarlıq dünyagörüşünün təcəssümüdür.

– 2017-ci ildən etibarən “Şəhərsalma” ixtisası üzrə mütəxəssis hazırlığına başlanılıb. Bu ixtisasın ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

– “Şəhərsalma” ixtisası üzrə mütəxəssis hazırlığına başlamamız Azərbaycan üçün çox vacib və vaxtında atılmış strateji addım oldu. Çünki ölkəmiz sürətlə urbanizasiya mərhələsinə daxil olurdu və bu prosesin elmi əsaslarla, planlı və davamlı şəkildə idarə olunması zərurəti yaranmışdı. Eyni zamanda, ərazilərin bərpası, regional inkişaf strategiyalarının hazırlanması, ekoloji və sosial baxımdan dayanıqlı şəhər mühitlərinin qurulması üçün artıq sadəcə memar və mühəndis deyil, məhz şəhərsalma üzrə ixtisaslaşmış mütəxəssislərə ehtiyac duyulurdu.

Azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri bu ehtiyacın nə qədər real və vacib olduğunu bir daha sübut etdi. Bu gün biz həm şəhər planlaması, həm infrastrukturun bölgə xüsusiyyətlərinə uyğunlaşdırılması, həm də ekoloji tarazlığın qorunması məsələlərində professional yanaşmanın nə qədər önəmli olduğunu yaşayaraq görürük. Məhz bu səbəbdən "Şəhərsalma" ixtisası üzrə yetişdirdiyimiz gənclər həm bu günə, həm də gələcəyə cavab verəcək bilik və bacarıqlara sahib olmalıdırlar. 

Qürurla deyə bilərəm ki, Memarlıq fakültəsi olaraq bu istiqamətdə də məsuliyyəti üzərimizə götürdük və bu gün artıq ölkəmizdə şəhərsalma sahəsində düşünən, araşdıran və tətbiq edən yeni nəsil formalaşmağa başlayıb. Bu isə Azərbaycanın gələcək şəhər mühitlərinin daha sağlam, funksional və insan yönümlü olmasına zəmanət verir.

Fakültənin UNESCO, İtaliya, Fransa, ABŞ və digər ölkələrlə əməkdaşlıq etdiyi layihələr olduqca genişdir. Bu beynəlxalq əməkdaşlıqların müəllim və tələbələr üçün əsas nəticələri nələrdir?

Memarlıq fakültəsi olaraq biz daim beynəlxalq inteqrasiyaya xüsusi önəm vermişik. UNESCO, İtaliya, Fransa, ABŞ və digər ölkələrin aparıcı memarlıq məktəbləri ilə əməkdaşlığımız artıq uzun illərə söykənir. Son illər Türkiyə ilə də sağlam və faydalı əlaqələr qururuq. Bu əməkdaşlıqların həm tələbələrimiz, həm də müəllim heyətimiz üçün çoxşaxəli faydaları olub.

İlk növbədə, bu əlaqələr vasitəsilə biz tədris prosesini qlobal miqyasda qəbul edilən meyarlarla uyğunlaşdırmışıq. Müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq layihələr, yay məktəbləri, ustad dərsləri və workshoplarda iştirak müəllim və tələbələrimizin dünyagörüşünü genişləndirir, yeni yanaşmalarla tanış olmağa şərait yaradır. Bu cür təcrübə mübadiləsi təkcə nəzəri biliklərin deyil, həm də praktiki bacarıqların inkişafı üçün mühüm platformadır.

Tələbələrimiz üçün bu əməkdaşlıqlar beynəlxalq layihələrdə iştirak və portfoliolarının zənginləşdirilməsi deməkdir. Bu gün artıq bizim tələbələrimiz Parisdə, Romada, Florensiyada, Kopenhagendə keçirilən beynəlxalq tədbirlərdə AzMİU-nu təmsil edirlər. Müəllim heyətimiz üçün isə bu əlaqələr elmi tədqiqatların genişləndirilməsi, birgə nəşrlər, konfrans çıxışları və yeni tədris metodlarının tətbiqi baxımından böyük imkanlar açır.

Eyni zamanda, bu əməkdaşlıqlar sayəsində biz fakültədə beynəlxalq ekspertləri, xarici memarlıq məktəblərinin tanınmış nümayəndələrini tez-tez qonaq edirik və özümüz də beynəlxalq ekspert kimi dəvətlər alırıq.  Bu isə təhsilin keyfiyyətinə, tələbələrin motivasiyasına və ümumilikdə fakültənin akademik mühitinə çox müsbət təsir göstərir. Məqsədimiz daim açıq, qlobal və gələcəyə yönəlmiş bir memarlıq məktəbi olmaqdır.

– Fakültə məzunlarının buraxılış işlərinin müsabiqələrdə əldə etdiyi uğurlar, sizcə, nəyin göstəricisidir?

– İlk növbədə, burada verilən memarlıq təhsilinin yüksək səviyyəsinin və beynəlxalq tələblərə uyğunluğunun bariz göstəricisidir. Bu uğurlar təsadüfi deyil — onların arxasında ciddi tədris strategiyası, uzunmüddətli akademik zəhmət, metodik hazırlıq və layihə əsaslı düşüncə tərzinin formalaşdırılması dayanır.

Buraxılış işlərində tələbələr yalnız nəzəri biliklərini yox, həm də dörd il ərzində qazandıqları praktiki bacarıqları, analitik və yaradıcı düşüncə imkanlarını birləşdirirlər. Bizim fakültədə bu layihələrin hazırlanmasına xüsusi önəm verilir. Hər bir tələbə kompleks yanaşma tətbiq edir — funksional planlaşdırmadan tutmuş ekoloji, sosial və mədəni kontekstlərə qədər.
Bu ilin əvvəlində rektorumuz və bir neçə müəllim yoldaşlarımla birgə Şəhərsalma və Arxitektura Komitəsinin “Təməl” müsabiqəsinin təqdimatında iştirak etdim. Çox qürurverici anlar yaşadıq. Təsəvvür edin, yerlər elan olunur və demək olar ki, bütün nominasiyalar üzrə fəxri yerləri bizim məzunlarımıza təqdim edirlər. Xüsusilə, Elçin Umudov, Elçin Əliyev “Laçın rayonu, Minkənd kəndinin yenidən qurulması” layihəsi, “Bərpa və yenidənqurma layihələri” nominasiyası üzrə Ağa Xalıqzadənin “Xankəndi şəhəri, təhsil elm və mədəniyyət binasının fasadının yenidən qurulması” layihəsi, Mansur Bukani, Babək Şahbazi, Ziya Aslan və Samir Sadıxovun Bakı şəhəri, Mərkəzi Nəbatat Bağının layihəsi, yenə Ağa Xalıqzadənin, Cahangir Məmmədrzayev ilə birgə Cəbrayıl şəhərində məscid layihəsi, Elyar Dehghanian, Babək Dehghanian və Boris Qejankin Laçın Beynəlxalq Hava Limanının layihəsi səhnədə elan olunanda çox böyük qürur hissi keçirdik.

– Zahidə xanım, qeyd etdiyiniz müəlliflərin bəziləri xarici vətəndaşlardır. Yəqin ki, məzunlarımız onlarla birgə işləyib?!

– Xeyr, onlar da bizim məzunlarımızdır. Elyar Dehghanian və Babək Dehghanian qardaşları Cənubi Azərbaycandan olan məzunlarımızdır. Boris Qejankinin də adı sizi çaşdırmasın, o da bizim məzunumuzdur. Həmçinin digərləri də son 10-15 ildə fakültəmizi bitirən istedadlı memarlarımızdır. 

Əlbəttə ki, bunlar yeganə nümunələr deyil. İllərdir tələbələrimizin işləri dünyanın müxtəlif nüfuzlu müsabiqələrində birinci və ikinci yerlərə layiq görülürsə, bu, həm də onların qlobal memarlıq auditoriyası tərəfindən qəbul edildiyinin sübutudur. Demək, bizim tədris sistemimiz artıq lokal çərçivədən çıxıb və beynəlxalq platformalarda öz sözünü deyə biləcək gənc memarlar yetişdirə bilir.

Bu həm də müəllim kollektivi üçün böyük qürur mənbəyidir, çünki bu uğurlar eyni zamanda müəllimlərin peşəkarlığının, onların tələbələrə necə yön verdiklərinin nəticəsidir. Və əlbəttə ki, bu cür nailiyyətlər gələcək tələbələr üçün də motivasiya rolunu oynayır – göstərir ki, əgər davamlı çalışsalar, onların da işləri bir gün dünya səhnəsində nümayiş oluna bilər.

– Sizin memar kimi həm nəzəri, həm praktik fəaliyyətiniz var. Dekan kimi bu təcrübəni tədris və idarəetmədə necə tətbiq edirsiniz?

– Bəli, mənim memar kimi fəaliyyətim həm nəzəri, həm də praktik müstəvini əhatə edir. Onilliklər ərzində qazandığım təcrübə bu gün Memarlıq fakültəsinin idarə edilməsində və tədris prosesində mənim üçün möhkəm təməl rolunu oynayır.

Bilirsiniz, artıq 42 ildir ki, bu kollektivin üzvüyəm. Ali məktəbi bitirəndən sonra yalnız 4 il bu kollektivdən uzaqda olmuşam. O vaxt universiteti bitirib Layihə İnsitutunda memar kimi işə başladım və 4 il içində böyük memar vəzifəsinə kimi yüksəldim. O zamanlar da indi olduğu kimi istedadlı memarları Memarlar İttifaqına üzv qəbul edirdilər, mən də müraciət etdim və qəbul olundum. Daha sonra isə doğma universitetimə, doğma kollektivimə, müəllimlərimin yanına qayıtdım, fakültədə pedaqoji fəaliyyətə başladım.

Düşünürəm ki, həmin 4 ilin pedaqoji fəaliyyətimdə böyük əhəmiyyəti oldu. İndi dekan kimi əsas prinsiplərimdən biri tədrislə praktik memarlıq arasında körpü yaratmaqdır. Daim çalışıram ki, tələbələr yalnız nəzəri biliklərlə kifayətlənməsinlər, eyni zamanda real layihələrdə iştirak etsinlər, memarlığın gündəlik problemlərini dərindən anlasınlar. Bu məqsədlə fakültəmizdə layihə studiyalarında real kontekstlərə əsaslanan tapşırıqlar, şəhərsalmaya dair praktiki simulyasiyalar və yerli-əcnəbi mütəxəssislərin iştirakı ilə ustad dərsləri təşkil olunur. Bu yanaşma tələbələrin problem həll etmə qabiliyyətini, komanda işinə uyğunlaşmasını və peşəkar münasibətlərini formalaşdırır.

Eyni zamanda bu il, universitetimizin 50 illiyi ərəfəsində çox faydalı layihəyə start vermişik, tələbələrimizi memarlıq studiyalarına aparırıq. Onlar real iş mühiti ilə tanış olurlar, ölkənin ən yaxşı memarlarının yanına gedərək onların layihələri, iş prinsipləri, yanaşmaları ilə əyani tanış olurlar. Biz mütləq bu layihəni davam etdirəcəyik.

– Daha əvvəl qabaqcıl xarici təcrübəni öyrəndiyinizi və bu təcrübənin fakültədə tətbiq olunduğunu qeyd etdiniz. Maraqlıdır, AzMİU-nun Memarlıq fakültəsində daha hansı beynəlxalq təcrübələr tətbiq olunub?

– Əlbəttə ki, biz bu təcrübələri birə-bir, olduğu kimi tətbiq etmirik. Bu, onları yamsılamaq olardı, bizim isə öz məktəbimiz var. Biz ən yaxşı təcrübələri öyrənib, analiz edib, mümkün üstünlükləri özümüzə uyğunlaşdırırıq və sonra tətbiq edirik.

Bunlar arasında Avropanın qabaqcıl memarlıq məktəblərinin – məsələn, Politecnico di Milano və ya Türkiyənin OTDU, İTU kimi nüfuzlu təhsil ocaqlarının idarəetmə modelləri bizim üçün həm təcrübə, həm də təhlil obyekti olub. Bu məktəblərdə olduğu kimi biz də kurikulumlarımızda interdisiplinar yanaşmanı gücləndirmişik, layihə əsaslı təhsilin payını artırmışıq. Məsələn, Bartlett modelində tələbənin fərdi yaradıcılığı önə çəkilirsə, biz də son illərdə məhz bu istiqamətdə – tələbəyə daha çox azadlıq və məsuliyyət verməklə – fərdi portfolio və kompleks buraxılış layihələri üzərində çalışırıq.

İdarəetmədə isə şəffaflıq və komandaya əsaslanan qərarvermə sistemi tətbiq edirik. Fakültənin bütün struktur bölmələri qərarların formalaşmasında iştirak edir, müəllimlərin təşəbbüsləri dəstəklənir və dinlənilir. Bu yanaşma fakültəmizdə bizlər  tələbə olduğumuz dövrdən davam edir və müasir Qərb universitetlərindəki kollegial idarəetmə modellərindən də yaralanır.

Sonda deyim ki, həm nəzəri, həm praktik, həm də idarəetmə təcrübəsinin bir araya gəlməsi fakültənin inkişafına, beynəlxalq akkreditasiyaların əldə olunmasına və tələbələrimizin uğurlarına birbaşa təsir göstərir. Biz  bu balansı qorumağa və daim təkmilləşdirməyə çalışırıq.

– Düzdür, son deməklə müsahibəni tamamladınız, amma bir suala da cavabınız bizim üçün maraqlıdır. Sizcə, XXI əsrin memarı hansı bacarıq və dəyərlərlə formalaşmalıdır? Gənc memarlara tövsiyələriniz nə olar?

– XXI əsrin memarı artıq yalnız estetikaya və texniki biliklərə sahib olan bir peşəkar deyil. Bu günün memarı sosial məsuliyyət daşıyan, ekoloji düşüncəyə malik, texnologiyanı yaradıcılıqla birləşdirə bilən, multidisiplinar yanaşmanı mənimsəmiş və dayanıqlı inkişaf prinsiplərini həyat tərzinə çevirmiş şəxs olmalıdır. O, həm qlobal trendləri, həm də lokal konteksti dərk etməli, şəhərlərin və cəmiyyətlərin ehtiyaclarını görməyi və cavab verməyi bacarmalıdır. Mən gənc memarlara hər zaman deyirəm: yalnız yaxşı çəkilmiş bir eskizlə və ya gözəl vizual təqdimatla kifayətlənməyin. Tədqiq edin, oxuyun, sorğulayın, müşahidə və müqayisə vərdişlərinizi artırın. Memarlıq tarixi və nəzəriyyəsi ilə yanaşı, sosiologiya, ekologiya, iqtisadiyyat, rəqəmsal texnologiyalar kimi sahələrdə də özünüzü inkişaf etdirin. Çünki memarlıq, əslində, insan həyatını daha yaşanıqlı, funksional və dolğun edən kompleks bir sistemdir. Eyni zamanda dəyərlər çox önəmlidir. Etik davranış, kollektiv işə hörmət, müəllif hüquqlarına sadiqlik və ictimai maraqlara xidmət – bunlar memarın peşəkarlığını müəyyən edən əsas sütunlardır. Bugünkü memar sosial ədalət və ətraf mühitə həssaslıq prinsiplərinə əməl etməlidir. Xüsusilə, ölkəmizdə azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərində çalışan gənc memarlarımızın bu dəyərləri daşıması böyük əhəmiyyət kəsb edir.

Bir də vacib məqam: heç vaxt öyrənməkdən vaz keçməsinlər. Dünya memarlığı sürətlə dəyişir. Təkrar olaraq qeyd edirəm. Süni intellektdən tutmuş biomimetikaya qədər bir çox yeni yanaşmalar gündəmdədir. Gənc memar hər zaman açıq fikirli olmalı, yeniliklərə adaptasiya bacarığını inkişaf etdirməlidir. Memarlıq yalnız peşə deyil, həyat tərzidir. Əgər bu sahəni seçmisinizsə, onu bütün ruhunuzla yaşamalısınız.