İyulun 1-dən 6-dək Litvanın Şaulyay (Šiauliai) keçirilən X Beynəlxalq Folklor və İncəsənət Müsabiqə-Festivalında ölkəmiz də uğurla təmsil olunub. Sənət yarışmasına iki nominasiya üzrə qatılmış “Vətən” musiqi qrupunun üzvləri (xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Elnur Əliyev) hər iki kateqoriyada birincilik qazanaraq xüsusi mükafata layiq görülüblər.

Azərbaycanın Litvadakı səfirliyindən bildirilib ki, “Vətən” qrupu "folklor ansamblları nominasiyası" üzrə I yerin qalibi olub.

Festivalın bədii rəhbəri Darius Daknys və təşkilat komitəsinin sədri Zenonas Ripinskis tərəfindən qrup üzvlərinə Litvanın milli musiqi aləti hədiyyə edilib. Qrup üzvləri, həmçinin “Festivalın ən yaxşı musiqiçiləri” adına və xüsusi mükafata layiq görülüblər. Tarzən Ruslan Zərbaliyev isə instrumental ifa nominasiyasında çıxış edərək qalib olub, diplom və pul mükafatı ilə təltif edilib.

Ümumilikdə 41 ölkənin qatıldığı festival-müsabiqə UNESCO-nun Beynəlxalq Xalq Yaradıcılığı və İncəsənət Təşkilatı (IOV) və Beynəlxalq Rəqs Festivalları Federasiyasının (FIDAF) himayəsi ilə gerçəkləşib. 

Altı ölkədən nümayəndələrin yer aldığı beynəlxalq münsiflər heyətinə tanınmış folklor ifaçısı Dr. Loreta Sungailienė sədrlik edib. Heyətə, həmçinin Katalin Gabriel Oancea, Qabriel Frontera Mestre, Mafalda Patricia Silva Rego, Diana Martinaitienė, Kristina Kuprytė və Darius Daknys daxil olublar.

Müsabiqədən sonra “Vətən” musiqi qrupu Litvanın Şaulyay, Zarenai və Meskuicay şəhərlərində geniş konsert proqramları ilə çıxış edib. Qrup üzvləri konsertlər zamanı tamaşaçıları yerli dildə salamlayıb, Litvanın Dövlət Himnini Azərbaycan milli musiqi alətlərində ifa edib və Azərbaycan xalq rəqslərini yerli iştirakçılara öyrədiblər. Musiqiçilərimizin çıxışları böyük maraqla qarşılanıb.

Festival zamanı keçirilən parad və yürüşlərdə də iştirak edən “Vətən” musiqi qrupu Azərbaycan bayrağını ön sıralarda dalğalandırıb. Həmçinin Azərbaycan bayrağı 7 gün ərzində Şaulyay şəhərinin mərkəzi küçəsində dalğalanıb.

Bundan əlavə, qrup üzvləri şəhərin meri ilə də görüşüblər. Görüş zamanı musiqiçilərimiz milli musiqi alətlərindən ibarət hədiyyələri merə və festival komitəsinin sədrinə təqdim ediblər.

Sənətçilərimiz Litvanın paytaxtı Vilnüsdə Azərbaycan səfirliyini də ziyarət ediblər. Azərbaycan Respublikasının Litvadakı səfiri Tamerlan Qarayev musiqiçilərimizi təbrik edib, onlara sənət fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “Vətən” musiqi qrupunun üzvləri həm respublika, həm də beynəlxalq müsabiqələrin qalibləri olmaqla yanaşı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.