26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Bu günün tarixi 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk əlahiddə milli diviziyanın yaradılması barədə qərarı ilə bağlıdır. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

 

26 iyun dünyada “Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Beynəlxalq Mübarizə Günü” (International Day against Drug Abuse and Illicit Trafficking) kimi qeyd olunur. Bu gün BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə təsis edilib.

 

Tarixdəki olaylar

 

26 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (“Qafqaz İslam Ordusu”) Nuru paşanın komandanlığı altında bolşevik-daşnak “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş Çar Rusiyasında general olmuş Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş Qərargah rəisi təyin edildilər.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

26 iyun 1763 – İngilis rəssamı Corc Morland (George Morland; 1763–1804) anadan olub.

 

26 iyun 1892 – Amerikalı xanım yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938) Perl Bak (Pearl Sydenstricker Buck; 1892 – 6.3.1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.

 

26 iyun 1922 – Əməkdar memar Şəfiqə Mikayıl qızı Zeynalova (1922–1979) anadan olub.

 

26 iyun 1929 – Əməkdar elm xadimi, həkim-yazıçı Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 – 17.10.2011) Gədəbəy rayonunda doğulub. Türkologiya, tarix, ədəbiyyat və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.

 

26 iyun 1939 – Musiqişünas alim, fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanov (1939 – 28.3.2019) Qazax rayonunda anadan olub. Uzun illər Türkiyədə Qaziantep Universitetinin Dövlət Konservatoriyasında çalışıb.

 

26 iyun 1945 – Əməkdar incəsənət xadimi, kinooperator Valeri Sultan oğlu Kərimov (1945 – 9.3.1998) Bakıda doğulub. 1974-cü ildən “Azərbaycanfilm”də işləyib. Çəkdiyi filmlər: “Alma almaya bənzər”,  “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Sizi dünyalar qədər sevirdim” və s.

 

26 iyun 1946 – Əməkdar artist Əli Məmməd oğlu Salahlı (Salayev; 1946–2005) Masallı rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru olub.

Hazırladı: Vüqar Orxan