Tarixdəki olaylar
25 iyun 1950 – Koreya müharibəsi başlayıb. Şimali Koreyanın (KXDR) qoşunları demarkasiya xəttini keçərək Cənubi Koreya (Koreya Respublikası) ərazisinə daxil olublar. 1948–1949-cu illərdə Şimali və Cənubi Koreya ərazisindən SSRİ və ABŞ-ın qoşunları çıxandan sonra iki ölkə arasında 38-ci paralel üzrə demarkasiya xətti çəkilmiş, Pxenyan Moskvanın, Seul isə Vaşinqtonun təsiri altında qalmışdı. Üç il sürən müharibə sərhədin 38-ci paralel üzrə bərpası ilə yekunlaşdı. Hər iki tərəfdən ümumilikdə 1,5 milyon nəfər həlak olmuşdu.
25 iyun 1975 – Portuqaliyanın müstəmləkəsi olan Mozambik müstəqilliyini elan edib. Afrikanın cənub-şərqində ən böyük dövlət (ərazisi 802 min kv. km) olan Mozambik qitədə müstəmləkəçiliyin son dayaqlarından idi.
25 iyun 1992 – İstanbulda Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Yeni regional təşkilatın yaradılması barədə “İstanbul bəyannaməsi”ni 9 ölkə (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) imzalamışdı. 1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, 2004-cü ildə Serbiya təşkilata üzv oldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
25 iyun 1709 – İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709–1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.
25 iyun 1903 – İngilis yazıçısı Corc Oruell (George Orwell – Eric Arthur Blair; 1903 – 21.1.1950) anadan olub. Əsərləri: “Heyvan tövləsi” (povest), “1984” (antiutopiya-roman).
25 iyun 1907 – Xalq artisti Sona Salman qızı Hacıyeva (1907 – 24.12.1979) Şəkidə doğulub. 1923-cü ildən Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə çəkilib.
25 iyun 1939 – Əməkdar mədəniyyət işçisi Adil Soltan oğlu İsmayılov (1939–2011) anadan olub. 1959-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, bir sıra filmlərin 2-ci rejissoru olub.
25 iyun 1940 – Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940–2007) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Azərbaycan Televiziyası və Radiosunun solisti olub.
25 iyun 1943 – Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Abbasqulu oğlu Niftəliyev (1943 – 13.11.2022) Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.
25 iyun 1963 – Yunan əsilli ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael – əsl adı Georgios Kyriakos Panayiotou; 1963–2016) anadan olub.
25 iyun 1980 – Yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (22.12.1920 – 1980) vəfat edib. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən-cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.
Hazırladı: Vüqar Orxan