Tarixdəki olaylar
22 iyun 1941 – Almaniya qoşunları SSRİ üzərinə hücuma keçiblər, Böyük Vətən müharibəsi başlayıb. Hitlerin “Barbarossa” planına görə, müharibə 2-3 ay ərzində SSRİ-nin Uraladək ərazisinin (o cümlədən Bakının) tutulması ilə yekunlaşmalı idi. Amma müharibə 4 il sürdü və Berlində Sovet Ordusunun qələbəsi ilə başa çatdı. Bu qələbə SSRİ-yə 30 milyona yaxın insanın itirilməsi hesabına başa gəldi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 iyun 1802 – Şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802 – 27.11.1870) anadan olub. Peterburq Universitetini bitirib, 1853-cü ildə universitetdə açılan Şərqşünaslıq fakültəsinin dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
22 iyun 1897 – Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 – 26.9.1961) Şuşada doğulub. Milan Konservatoriyasını bitirib. Xalq mahnıları və romansların, operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı olub. Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.
22 iyun 1898 – Alman yazıçısı Erix Maria Remark (Erich Maria Remarque – Erich Paul Remark; 1898–1970) anadan olub. Romanları: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Zəfər tağı” və s.
22 iyun 1906 – Amerika rejissoru, 4 dəfə “Oskar” mükafatçısı Billi Uaylder (Billy Wilder; 1906–2002) anadan olub.
22 iyun 1916 – Əməkdar artist, vokalçı Sona Əyyub qızı Mustafayeva (Bağırova; 1916–1999) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.
22 iyun 1922 – Kinorejissor Rüfət İsmayıl oğlu Şabanov (1922–1998) Bakıda doğulub. “Gəmi saatının sirri”, “Liftçi qız” və s. filmləri çəkib, “Azərbaycantelefilm”in baş rejissoru olub.
22 iyun 1923 – Əməkdar artist Rəhilə Məmməd qızı Məlikova (Mustafayeva; 1923 – 11.12.1996) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrının aktrisası olub, “Arşın mal alan” (1945) filmində Asya rolunu oynayıb.
22 iyun 1924 – Yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924 – 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Əsərləri: “Sıyrılmış qılınc”, “Bozatın belində” və s.
22 iyun 1942 – Bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942–1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. “Xatırla məni”, “Deyin, hardadır?”, “Səni qəmli görəndə” və s. populyar mahnıların müəllifidir.
22 iyun 1947 – Şair Eldar Baxış (Eldar Baxış oğlu Ağayev; 1947 – 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulub. Rus ədəbiyyatından tərcümələr edib.
22 iyun 1955 – Tanınmış rəssam Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 1955 – 20.12.2020) Şabran rayonunun Təkyə kəndində anadan olub.
22 iyun 1994 – Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 21.10.1932 – 1994) vəfat edib.
22 iyun 2024 – Əməkdar rəssam İsa Məmməd oğlu Məmmədov (5.3.1956 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan