Tarixdəki olaylar

15 iyun 1993 – Azərbaycan Parlamentinin iclasında təşkilati məsələyə baxılıb. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilik tarixində yeni dövrün başlanğıcı oldu. 1997-ci ildə (27 iyun) qəbul olunan xüsusi qanunla 15 iyun Milli Qurtuluş Günü elan edildi.

 


Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

15 iyun 1843 – Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843 – 4.9.1907) anadan olub. “Per Günt” süitası, 600-dən çox mahnı və romansın müəllifidir.

 

15 iyun 1918 – Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 – 7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” operettasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum” və s.) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

 

15 iyun 1924 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 1924 – 14.9.1992) Qazax rayonunda doğulub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984–1992) olub.

 

15 iyun 1933 – Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933–1998) Masallı rayonunun Qodman kəndində anadan olub.

 

15 iyun 1934 – Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934–2003) Laçın rayonunun Mollaməhmədli kəndində doğulub.

 

15 iyun 1945 – Xalq artisti Amaliya Əliş qızı Pənahova (1945 – 8.11.2018) Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb, səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan”  və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000–2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

 

15 iyun 1946 – Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 – 25.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub.

Hazırladı: Vüqar Orxan