Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında tanınmış şair, Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın (1930–2016) 95 illik yubileyinə həsr olunmuş tədbir (22 may) keçirilib.
Tədbirdə ədəbiyyat, elm xadimləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri, kitabxanaçılar iştirak ediblər.
Əvvəlcə şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Çıxışlarda Fikrət Sadığın poeziyasının müasir ədəbi nəsil üçün örnək olduğu vurğulanıb, onun şeirlərində Azərbaycan dilinin ən incə çalarlarının ustalıqla işləndiyi diqqətə çatdırılıb.
Tədbir iştirakçılar şair haqqında xatirələrini bölüşüblər.
Bədii hissədə İncəsənət Gimnaziyası şagirdlərinin ifasında şairin şeirlərindən nümunələr səsləndirilib, kompozisiyalar təqdim olunub.
Tədbir çərçivəsində Fikrət Sadığın kitablarından ibarət sərgi də təşkil edilib.
Sonda şairin ailə üzvləri – Əməkdar incəsənət xadimi, yazıçı-publisist, ssenarist Orxan Fikrətoğlu, yazıçı-publisist Aysel Fikrət çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildiriblər.