Tarixdəki olaylar
29 may 1453 – Sultan Mehmetin (Fateh) başçılıq etdiyi Osmanlı ordusu Bizans (Şərqi Roma) imperiyasının paytaxtı Konstantinopolu fəth edib. 330-cu ildə Bizans imperatoru Konstantin tərəfindən əsası qoyulan şəhər strateji əhəmiyyətinə görə daima böyük dövlətlərin mübarizə obyekti olmuşdu. Şəhərin türklər tərəfindən fəthi onun əldən-ələ keçməsinə son qoydu. İstanbul adlandırılan şəhər Osmanlı dövlətinin paytaxtı elan edildi.
29 may 1555 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514–1555) birinci mərhələsi başa çatıb. Qərbi Gürcüstan (İmeretiya, Meqreliya, Quriya) Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçib.
29 may 1992 – Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
29 may 1874 – İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton; 1874–1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Şar və xaç”, “Uçan meyxana” və s.
29 may 1939 – Əməkdar mədəniyyət işçisi, kinooperator Həmzə Əhmədoğlu (1939–2008) Bakıda doğulub. “Azərbaycanfilm”də 40-dan çox filmin çəkilişində iştirak edib.
29 may 1946 – Əməkdar incəsənət xadimi, aktyor, rəssam Elçin Mehdi oğlu Məmmədov (1946 – 18.2.2001) anadan olub. “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi” və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında tamaşalara səhnə tərtibatı verib.
29 may 1953 – Rusiyanın Xalq artisti Aleksandr Qavriloviç Abdulov (1953 – 3.1.2008) anadan olub. Çəkildiyi filmlər: “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı” və s.
29 may 2023 – Əməkdar artist Elxan Məmməd oğlu Qasımov (24.4.1945 – 2023) vəfat edib. “Əhməd haradadır?”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib. “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib.
Hazırladı: Vüqar Orxan