Tarixdəki olaylar

 

30 may 1913 – Balkan müharibəsinin (1912–1913) yekunları ilə bağlı London müqaviləsi bağlanıb. Osmanlı imperiyası, Krit adası istisna olmaqla, Balkanlardakı bütün ərazilərindən əl çəkib.

 

30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında məlumat İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Moskva, Stokholm, Tokio və digər paytaxtlara göndərilmişdi.

 

30 may 1991 – Erməni təxribatçılarının Azərbaycana qarşı növbəti terror aktı baş verib. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurt stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılması nəticəsində 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

30 may 1778 – Fransız yazıçısı, şair, mütəfəkkir və tarixçi Volter (əsl adı Fransua-Mari Arue; 21.11.1694 – 1778) vəfat edib.

 

30 may 1862 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862 – 12.7.1911) Şamaxıda doğulub. “Molla Nəsrəddin” jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

 

30 may 1930 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Fikrət Abbas oğlu Sadıq (1930 – 16.11.2016) Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.

 

30 may 1937 – Rusiyanın Xalq artisti Aleksandr Sergeyeviç Demyanenko (1937 – 22.8.1999) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

30 may 1948 – Xalq rəssamı Tahir Rəşid oğlu Tahirov (1948 – 12.9.2019) Bakıda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib, filmlərdə (“Cavad xan”, “Sübhün səfiri” və s.) geyim rəssamı olub.

 

30 may 1967 – Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910 – 1967) vəfat edib. “Arşın mal alan” (1945), “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Hazırladı: Vüqar Orxan