Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti keçirilib.

Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarə etdiyi konsert Azərbaycanın Dövlət Himninin və Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra"nın səslənməsi ilə başlayıb.

Cahangir Cahangirov adına Xorun (bədii rəhbər Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova) da çıxış etdiyi konsertin solistləri Əməkdar artist, xanəndə Bəyimxanım Vəliyeva, müğənni Fəxri Kazım Nicat, “Muğam” televiziya müsabiqəsinin qalibləri Nisbət Sədrayeva, Könül Xəlilzadə, Vüsal Qasımov, Rəvan Qaçayev, Zeynəb Nəcəfli , müsabiqələr laureatı Aydan Quliyeva, Ayşən Eminli, eləcə də nəfəsli alətlərdə Fərman Talıbov və Şaiq Əsədov olub.

Proqramda Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Səid Rüstəmov, Emin Sabitoğlu, Xan Şuşinski və Oqtay Kazıminin əsərlərinə müraciət olunub.