
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi elan olunub.
Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibətilə keçirilən müsabiqənin əsas məqsədi yazarları tariximizə qızıl hərflərlə həkk olunan bu əlamətdar hadisə haqqında düşünməyə, yazmağa və öz əsərlərini teatr səhnəsində canlandırmağa təşviq etmək, həmçinin müharibədən sonra yaranan sülh, azadlıq və birlik ideyalarını inkişaf etdirən bədii mətnlərin meydana çıxmasına stimul verməkdir.
Müsabiqənin mövzusu:
Vətənpərvərlik, milli-mənəvi dəyərlər, müasir qəhrəmanlar, birlik və sülh, tarixi yaddaş və şanlı Zəfərimizin əhəmiyyəti.
Müsabiqənin şərtləri:
• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
• Əsərlər orijinal olmalı, daha əvvəl heç yerdə çap edilməməli və yayımlanmamalıdır.
• Əsərlər Azərbaycan dillində yazılmalıdır.
• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-poçt) qeyd etməlidir.
• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək əsərlər qəbul olunmur.
• Əsərlərdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusu tərəfindən 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının qəhrəmanları, müharibənin sosial, psixoloji və hərbi təsirləri, tarixi Zəfərimiz və sülh mövzuları əks etdirilməlidir.
• Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.
Qaliblərin seçilməsi və mükafatlandırılması:
Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq, 3 nəfər qalib seçiləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.
Müsabiqənin mükafat fondu:
Birinci yer – 3000 manat
İkinci yer – 2500 manat
Üçüncü yer – 1500 manat
Müsabiqənin müddəti:
Müsabiqəyə pyeslərin qəbulu 30 sentyabr 2025-ci il tarixində sona çatacaq.
İştirakçılar tərəfindən əsərlər teatr@culture.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Əlavə məlumat üçün (012) 147 nömrəsinə müraciət edə bilərsiniz.
Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququ qorunmaqla toplu şəklində nəşrini həyata keçirə bilər.