Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 29-da Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin dövlət naziri Muhəmməd bin Əbdüləziz bin Saleh əl-Xuleyfi ilə görüşüb.
XİN-in yaydığı məlumata görə, görüş zamanı Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri, ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər müzakirə edilib.
Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində mövcud potensialdan istifadənin vacibliyi vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH), habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin zəruriliyi qeyd olunub. Ölkəmizin növbəti ildə İƏT sammitinə sədrliyi çərçivəsində əməkdaşlıq imkanlarından bəhs olunub.
Ceyhun Bayramov, həmçinin qarşı tərəfi keçmiş münaqişənin və Ermənistanın işğal siyasətinin nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.
Regional sülh quruculuğu prosesinin qarşısında duran çağırışlar və maneələrdən bəhs edən nazir Ceyhun Bayramov Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdirildiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.