Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın (1910–1981) “Vəfa” pyesi Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilib. 

Mayın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşasının premyerası olub.

Tamaşadan öncə çıxış edən Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov görkəmli şairin zəngin yaradıcılığı, ibrətamiz həyat yolu barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Rəsul Rzanın 115 yaşı münasibətilə illər sonra yenidən təqdim olunan “Vəfa” tamaşasının nümayişinin bu günə təsadüf etməsi heç də təsadüfi deyil. Azərbaycanımızı azad görmək şairin böyük arzusu, istəyi idi: "Bu gün bu premyera bayram əhvali-ruhiyyəsi yaradır. Unudulmaz şairin İkinci Dünya müharibəsi illərində yazdığı pyesin onun yubileyində Müstəqillik Günündə tamaşaçılara təqdim olunması Rəsul Rzanın ruhunu şad edir və bayram ovqatını daha da artırır”.

Rafael Hüseynov Bakı Bələdiyyə Teatrının baş rejissoru, “Vəfa” tamaşasını səhnələşdirən Xalq artisti Mərahim Fərzəlibəyova Rəsul Rza mükafatını təqdim edib.

Rəsul Rza mükafatı Beynəlxalq Rəsul Rza Fondu tərəfindən təsis edilib. Fondun sədri akademik Rafael Hüseynovdur.  

Sonra tamaşa nümayiş olunub. 

“Vəfa” pyesi inam, dostluq, sədaqət, dönüklük, ara qarışdırmaq kimi müsbət və mənfi keyfiyyətləri özündə əks etdirir. Pyesdə İkinci Dünya müharibəsində göstərilmiş şücaət ümumxalq hünəri kimi təqdim edilir. Vətəni sevmək, xalqına bağlı olmaq pyes boyu müəllif tərəfindən vurğulanır.

Quruluşçu rejissor Mərahim Fərzəlibəyov səhnə əsərində müəllifin şeirlərindən, onun Krım cəbhəsində yazdığı məktublardan da  istifadə edib.

Maraqla qarşılanan tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.