Beynəlxalq Muğam Mərkəzinin (BMM) Cahangir Cahangirov adına Xoru mayın 27-də Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
BMM-dən verilən məlumata görə, konsertdən əvvəl Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley tədbirlərinin əhəmiyyətini vurğulayıb və Üzeyir Hacıbəylinin Azərbaycanın musiqi tarixində müstəsna yerini qeyd edib. Bildirib ki, dahi bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş konsertlərin və festivalların keçirilməsi hər zaman respublikamızın musiqi həyatında əlamətdar hadisədir.
Firəngiz Əlizadə çıxışında Üzeyir Hacıbəylinin yaradıcılığı, xor musiqisi haqqında fikirlərini bölüşüb. O, Cahangir Cahangirov adına Xorun fəaliyyətini yüksək dəyərləndirərək kollektivə Üzeyir bəyə həsr etdiyi konsertdə uğurlar arzulayıb.
Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Prezident mükafatçısı, Əməkdar müəllim Təranə Yusifovanın idarə etdiyi konsert proqramında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından bəstələr, "O olmasın, bu olsun" operettasından duetlər, "Arşın mal alan" operettasından musiqili səhnələr, bəstəkarın digər əsərləri, eləcə də xalq mahnıları səsləndirilib.
Solo ifalarda beynəlxalq və respublika müsabiqələri laureatı Güllü Muradova və xor kollektivinin solistləri çıxış ediblər.