Tarixdəki olaylar
23 may 1923 – Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. Kitabxana AMEA Rəyasət Heyətinin indiki binasında yerləşirdi. 1960-cı ildə kitabxana Xaqani küçəsindəki indiki binasına (memar Mikayıl Hüseynov) köçüb.
23 may 1949 – Almaniya Federativ Respublikasının Konstitusiyası qəbul edilib və Almaniyanın ikiyə bölünməsi rəsmiləşib. ABŞ, Britaniya və Fransanın nəzarətində olan sektorlarda AFR-in (Qərbi Almaniya) yaradılmasından sonra SSRİ-nin nəzarətində olan Şərqi Almaniyada sosialist yönlü dövlət – Almaniya Demokratik Respublikası (7 oktyabr 1949-cu il) yarandı. 1990-cı ilin 3 oktyabrında iki Almaniya birləşdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 may 1524 – Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 – 1524) vəfat edib. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
23 may 1891 — İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1951) Fabian Lagerkvist (1891 – 11.71974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Savilla” və s.
23 may 1905 – Əməkdar artist, rejissor Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905–1981) Şuşada doğulub. Ağdam Dövlət Dram Teatrında çalışıb, Aşqabaddakı Azərbaycan teatrında tamaşalar qoyub.
23 may 1919 – Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimov (1919 – 10.4.2008) Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.
23 may 1959 – Əməkdar incəsənət xadimi, pianoçu İbrahim Hacıbaba oğlu Quliyev (1959 – 16.1.2010) anadan olub. Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009-2010) işləyib.
23 may 1961 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli (1961 – 4.1.2021) Bakıda anadan olub. Xalq mahnılarını xor üçün işləyib, filmlərə musiqi yazıb.
23 may 1986 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911 – 1986) vəfat edib. Filarmoniyanın, Musiqili Komediya Teatrının direktoru olub.
23 may 2024 – Əməkdar jurnalist Bəbir Qüdrət oğlu Hüseynov (26.12.1932 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan