Görkəmli ədəbiyyatşünas, şair, tərcüməçi, professor Cəfər Xəndanın (1910–1961) anadan olmasının 115-ci ildönümü  münasibətilə Milli Kitabxanada sərgi təşkil edilib.

Kitabxanadan bildirilib ki, sərgidə Cəfər Xəndanın əsərləri, tərtibçisi və redaktoru olduğu, tərcümə etdiyi nəşrlər, həyatı və yaradıcılığı haqqında kitablar, sözlərinə bəstələnmiş mahnı notları və haqqında dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Cəfər Zeynal oğlu Hacıyev (Cəfər Xəndan) 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulub. 1918-ci ildə İrəvanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklər nəticəsində Cəfər Xəndanın ailəsi doğma yurdu tərk edib Gəncəyə köçüb. Cəfər burada ata-anasını itirib və bir müddət bacısı ilə uşaq evində qalıb. Əvvəlcə Gəncə Pedaqoji Texnikumunda, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb, aspiranturaya daxil olub, eyni zamanda, institutun ədəbiyyat kafedrasında fəaliyyət göstərib.

1939-cu ildə “Proletar inqilabçı şair Sabir” əsərini dissertasiya kimi təqdim edərək filologiya elmləri namizədi, 1949-cu ildə "Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq hərəkatı” adlı sanballı əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcəsinə, bir il sonra professor adına layiq görülüb. 1950-ci ildən 1954-cü ilədək professor Cəfər Xəndan Azərbaycan Dövlət Universitetinin rektoru olub.

Cəfər Xəndanın “Bəyaz gecələr” adlı ilk şeirlər kitabı 1936-cı ildə nəşr olunub. “Cəbhə” şerləri (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946) şeirlər kitablarının, “XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” (1965), “XX əsr Azərbaycan ədəbiyyatı” (1951), “Molla Nəsrəddin” (1956), “Şairin həyatı” (1961), “C.Cabbarlının həyat və yaradıcılığı” (1954), “Mikayıl Müşfiq” (1956), “Mir Cəlal” (1968) və s. monoqrafiyaların, ana dilində ilk “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəllifidir.

Cəfər Xəndan həm də dahi Nizaminin, Xaqaninin, Ömər Xəyyamın, Heyran xanımın bir çox əsərlərini farscadan Azərbaycan dilinə tərcümə edib.

Alimin vəfatından sonra nəşr edilən "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası sabirşünaslığın əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirilir.