Mayın 9-da İkinci Dünya müharibəsində (1939–1945) faşizm üzərində Qələbənin 80-ci ildönümü tamam olur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edib, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Azərbaycandan 600 mindən çox insan cəbhəyə gedib. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan Sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.
Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman ehtiramla anılır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamı ilə 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, builki sərəncam ümumilikdə 2 469 şəxsə şamil olunub ki, onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçısıdır. Başqa sözlə, 80 il əvvəl başa çatan müharibənin canlı şahidlərindən Azərbaycanda 21 nəfər qalıb.
Azərbaycan xalqı artıq beşinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
***
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.
Birinci vitse-prezident Mehriban Əliyeva da 9 May – faşizm üzərində Qələbə Gününün 80 illiyi münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Əziz veteranlar!
Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik!
Böyük Qələbə Gününüz mübarək!”