Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Heydər Əliyevin doğum gününə həsr olunmuş “Ulu öndərə ithaf” adlı konsert keçirilib.

Mayın 6-da gerçəkləşən konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə təşkil edilib.

Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü söyləyərək iştirakçıları salamlayıb.

Konsertdə Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov və onun vokal sənəti üzrə tələbələri Kənan Rəhmanzadə, Nuray İsmayılova, İsmayıl Əsədli, Pərvanə Soltanova və Ülvi Əhmədov çıxış ediblər. Onları fortepianoda Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Svetlana Əhmədova müşayiət edib.

Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng proqram təqdim edilib.

İfalar Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda slayd-şou ilə müşayiət olunub.