Mayın 8-də Vatikanda Roma Katolik Kilsəsinin növbəti rəhbərini seçmək üçün toplanan konklav (kardinalların iştirakı ilə səsvermə) dördüncü cəhddə uğurlu olub.
Səsvermədə 133 kardinal iştirak edib və yeni Papa seçmək üçün onların üçdə ikisindən çoxunun, yəni ən azı 89 nəfərin bir namizədə səs verməsi lazım idi.
Yeni Papa – Roma Katolik Kilsəsinin sayca 267-ci rəhbəri ABŞ-dan olan kardinal Robert Fransis Prevost seçilib.
O, pontifik kimi XIV Leo adını götürüb.
Papa XIV Leo Müqəddəs Pyotr Kilsəsinin eyvanından meydana toplaşan təxminən 150 min nəfəri salamlayıb. O, Papa kimi ilk dua-çıxışında dünyada sülh üçün çağırış edib.
***
1950-ci ildə Çikaqoda (ABŞ) doğulan Robert Prevost Villanova Universitetinin riyaziyyat fakültəsində bakalavr təhsili alıb. Magistr təhsilini isə teologiya üzrə davam etdirib. Romadakı Pontifikal Universitetdə hüquq üzrə doktorluq dərəcəsinə yüksəlib.
1981-ci ildə rahibliyə başlayıb. 20 ildən çox Peruda xüsusilə yoxsul bölgələrdə missioner fəaliyyəti göstərib. 2014-cü ildə Papa Fransisk tərəfindən Perunun Çiklayo şəhərinə yepiskop təyin olunub. 2020-ci ildən Vatikanın müxtəlif strukturlarında yer alıb.
Robert Fransis Prevost Roma Katolik Kilsəsi tarixində ABŞ doğumlu ilk Papadır.
Xatırladaq ki, bundan öncəki Papa Fransisk (aprelin 21-də 89 yaşında vəfat edib) əslən Argentinadan idi. O, 2013-cü ildə Roma Katolik Kilsəsinə rəhbər seçilmişdi.
Yeni Papanı ilk təbrik edənlərdən biri ABŞ Prezidenti Donald Tramp olub. “Yeni Papa seçilən kardinal Robert Fransis Prevostu təbrik edirəm. Onun ABŞ-dan seçilən ilk Papa olması böyük şərəfdir. Bu, ölkəmiz üçün də böyük şərəfdir. Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Çox mənalı bir an olacaq”, – deyə Donald Tramp sosial media hesabındakı paylaşımında bildirib.
***
Azərbaycan Prezidenti İlham Əliyev də Roma Papası XIV Leoya təbrik məktubu göndərib.
"Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.
Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir", – deyə məktubda bildirilir.
V.Orxan