Tarixdəki olaylar
8 may 1945 – Faşist Almaniyasının qeyd-şərtsiz kapitulyasiyasına dair akt imzalanıb. Berlin yaxınlığındakı Karlshorst şəhərciyində yerli vaxtla saat 22:43-də imzalanan akta Almaniya tərəfdən Vermaxt (alman ordusu) baş qərargahının rəisi general-feldmarşal V.Keytel imza atmışdı. SSRİ tərəfdən sənədi marşal G.Jukov, müttəfiqlər adından Britaniyanın aviasiya marşalı A.Tedder imzalamışdı. Akt imzalananda Moskva vaxtı ilə artıq ayın 9-u olduğundan SSRİ-də Qələbə Günü 9 may elan olundu. Avropada isə faşizm üzərində qələbə mayın 8-də qeyd edilir.
8 may 1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal ediblər. 28 il 6 ay işğal altında qalan Şuşa şəhəri 2020-ci ilin 44 günlük Vətən müharibəsində, noyabrın 8-də müzəffər Azərbaycan Ordusu tərəfindən azad edildi.
8 may 1992 – Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
8 may 1903 – Fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin; 1903–1971) anadan olub. Filmləri: “Mademauzel Nituş”, “80 gün dünya ətrafında” və s.
8 may 1906 – İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906–1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.
8 may 1910 – Tanınmış ədəbiyyatşünas alim, şair, tərcüməçi, professor Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 – 10.8.1961) İrəvan şəhərində anadan olub.
8 may 1919 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov (1919 – 19.9.1974) Şuşada doğulub. “Gülşən” baleti, “Karvan” simfonik lövhəsi, “Qızılgül” musiqili komediyası, uşaqlar üçün “İsgəndər və çoban” operası və s. əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.
8 may 1930 – Ədəbiyyatşünas, professor Qara Mustafa oğlu Namazov (1930 – 11.5.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.
Hazırladı: Vüqar Orxan