Tarixdəki olaylar

 

9 may İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə günüdür. 1945-ci il mayın 8-dən 9-na keçən gecə faşist Almaniyasının kapitulyasiyasına dair akt imzalanıb. Avropada bu günün 8 mayda, keçmiş Sovet İttifaqında 9 mayda qeyd edilməsi qərara alınıb. 9 may SSRİ-də rəsmi bayram statusunu isə 1965-ci ildə alıb. Həmin il SSRİ Ali Sovetinin Fərmanı ilə 9 May – Sovet xalqının 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbə bayramı – qeyri-iş günü elan edilib.

SSRİ-nin süqutundan sonra 9 May, Azərbaycan da daxil olmaqla, əksər postsovet ölkələrində bayram edilir. Faşizmlə müharibədə Azərbaycandan 600 mindən çox insan iştirak etmiş, onlardan 300 min nəfər həlak olmuşdu. Yüz minlərlə azərbaycanlı bu Qələbə naminə arxa cəbhədə fədakarlıq göstərmişdi.

 

9 may 1950 –Avropa İttifaqının ilk təməl təşəbbüsü sayılan “Şuman bəyannaməsi” elan olunub. Fransa ilə Almaniya arasında kömür və polad sənayeçilərinin ortaq fəaliyyət təşəbbüsünü irəli sürən bəyannamənin mətni Fransanın xarici işlər naziri Robert Şuman tərəfindən elan edildiyi üçün onun adını daşıyır. 9 may Aİ ölkələrində “Avropa Günü” kimi qeyd olunur.

 

9 may 1973 – Bakıda əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin açılış mərasimi keçirilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

9 may 1883 – İspan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883–1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.

 

9 may 1909 – Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov; 1909–1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin müəllifidir.

 

9 may 1917 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 – 11.1.1998) anadan olub.

 

9 may 1924 – Gürcü şairi, nasir Bulat Okucava (1924–1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb. Sözlərinə yazılmış mahnılar bir çox filmlərdə səslənir.

 

9 may 1928 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 – 26.10.1983) anadan olub. Milli violonçel ifaçılığı sənətinin əsasını qoyub, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

 

9 may 1940 – Əməkdar artist Şamil Mahmud oğlu Dəmirçiyev (1940–2002) anadan olub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olub, Musiqili Komediya Teatrında çalışıb.

 

9 may 1941 – Tanınmış aktyor Kamil Fərman oğlu Məhərrəmov (1941 – 8.10.1993) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb, “Dərviş Parisi partladır”  “Yol əhvalatı” və s. filmlərdə yaddaqalan rollar oynayıb.

 

9 may 1945 – Əməkdar rəssam Faiq Nağı oğlu Abdullayev (1945 – 28.10.2020) Gəncə şəhərində doğulub. Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin müəllimi olub.

 

9 may 1967 – Əməkdar artist Xanım Abdulqafar qızı Qafarova (1967 – 11.7.2014) Bakıda anadan olub. Akademik Musiqili Teatrda çalışıb, filmlərdə çəkilib.

 

9 may 2012 – Xalq artisti Süleyman Paşa oğlu Nəcəfov (6.8.1948 – 2012) vəfat edib. İrəvan Dövlət Dram Azərbaycan Teatrının aktyoru olub, filmlərə çəkilib.

 

9 may 2019 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (13.9.1933 – 2019) vəfat edib. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

Hazırladı: Vüqar Orxan