AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən çağdaş dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, əsərləri 50-dən çox dilə tərcümə olunan yapon yazıçısı Haruki Murakaminin yaradıcılığı haqqında monoqrafiya nəşr edilib.

İnstitutdan bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusovanın müəllifi olduğu “Haruki Murakami: Postmodern ədəbiyyatın kultu” adlı kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ön söz yazıb. Kitabın elmi redaktoru Yaponiyanın Osaka Universitetinin dosenti, filologiya elmləri doktoru Yokota Murakami Takayuki, rəyçiləri Türkiyənin Erciyes Universitetinin professoru, filologiya elmləri doktoru Ali Volkan Erdemir və AMEA-nın Ədəbiyyat İnstitutunun dosenti, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır.

Monoqrafiyada özünəməxsus yaradıcılıq istiqaməti ilə postmodern ədəbiyyatın inkişafına təsir göstərən Haruki Murakaminin yaradıcılıq yolu araşdırılır. Yazıçının qloballaşma dövründə yapon düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirən əsərlərində fərqli cəhətlər nəzərdən keçirilir. Murakaminin “Qoyun ətrafında macəra”, “Mexaniki quşun xronikası”, “Qaranlıqdan sonra” romanları əsasında postmodern qurmacaya təsir edən cərəyanlar, istiqamətlər, fiqurlar tədqiq edilir. Eyni zamanda, Murakaminin erkən yaradıcılıq nümunəsi olan “Küləyin nəğməsini dinlə” romanını kosmopolitizm, yazıçını dünyaya tanıdan, vizit kartı olan “Norveç meşəsi” romanı isə realizm istiqamətində tədqiqata cəlb olunub. Ən yaxşı postmodern əsər kimi dəyərləndirilən “Kafka sahildə” romanı əsasında yazıçının dünyaya estetik münasibətindəki sürrealist baxışları müəyyən edilib.

Kitab ədəbiyyat nəzəriyyəçiləri, yaponşünaslar, postmodernizmlə maraqlanan tədqiqatçılar və ümumiyyətlə, ədəbiyyatsevərlər üçün dəyərli mənbədir.