23 iyun “Dövlət qulluqçularının peşə bayramı” günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən gün Azərbaycanda 2006-cı ildən, Prezident İlham Əliyevin müvafiq (25 may 2006-cı il tarixli) sərəncamı ilə qeyd edilir.
Tarixdəki olaylar
23 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ölkə ərazisində hərbi vəziyyətin elan olunması və bütün qüvvələrin daşnak-bolşevik “Bakı Kommunası” ilə mübarizəyə səfərbər edilməsi barədə qərar qəbul edib.
23 iyun 1920 – Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin aprelində üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Milli hökumət 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 iyun 1824 – Alman bəstəkarı, dirijor Karl Reyneke (Carl Reinecke; 1824–1910) anadan olub.
23 iyun 1889 – Rus şairi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 – 5.3.1966) anadan olub.
23 iyun 1901 – Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901–1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.
23 iyun 1913 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 – 9.7.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (A.Çexov – “Albalı bağı”, E.Voyniç – “Ovod”, A.Puşkin, M.Lermontov və b. şairlərin şeirləri) Azərbaycan dilinə çevirib.
23 iyun 1923 – Ədəbiyyatşünas, şair, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 – 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir.
23 iyun 1925 – Xalq artisti, ilk azərbaycanlı qadın – teatr rejissoru Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (1925–2018) anadan olub. 30 ilə yaxın Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Televiziya tamaşalarına quruluş verib.
Hazırladı: Vüqar Orxan