
İyunun 9-u Azərbaycan musiqi mədəniyyətinə töhfələr vermiş görkəmli bəstəkar Telman Hacıyevin (1930–1991)anadan olmasının 95-ci ildönümüdür. Bu münasibətlə Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Telman Hacıyev – 95” adlı sərgi açılıb.
Kitabxanadan verilən məlumata görə, sərgidə bəstəkarın həyat və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda materiallar, əsərlərinin not yazıları nümayiş olunur.
Telman Hacı oğlu Hacıyev 1930-cu il iyunun 9-da Gəncə şəhərində anadan olub. Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki BMA) "Musiqi bəstəkarlığı" ixtisası üzrə təhsil alıb.
Bəstəkarın yaradıcılığında uşaq mahnıları xüsusi yer tutur. Onun bəstələdiyi uşaq mahnıları tematik cəhətdən rəngarəngdir. Onlar ölkə məişətini ("Balaca neftçi"; sözlər R. Zəka), təbiətə məhəbbəti ("Üzüm bağında" və "İt"; sözlər M. Seyidzadə), uşaqların həyatını ("Gizlənpaç", sözlər M. Seyidzadə; "Uşaqlıq"; "Mənə balaca demə", sözlər R. Zəka) əks etdirir.
Telman Hacıyev onlarla bədii və sənədli filmə, eləcə də çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyib, kompozisiyalar yazıb.
“Abşeron nəğməsi”, “Arazım”, “Lalələr”, “Bənövşə bəndə düşə”, Əlvida”, “Göygöl”, “Gözəl dünya”, “Dağlar qızı”, “Qonşu olmaq istəmirəm”, “Sənin üçün”, “Tələbəlik illəri”, “Ellər gözəli”, “Ay dərdim, dərmanım” və s. yazıb-yaratdığı neçə-neçə mahnılar dillər əzbəridir. O, həmçinin simli kvartet, fortepiano üçün sonatina, fortepiano və orkestr, skripka və fortepiano üçün poemalar və s. instrumental əsərlərin müəllifidir.
bƏ\\