Azərbaycanın turizm imkanları 5-8 iyun tarixlərində Koreya Respublikasının paytaxtında, Seul Beynəlxalq Səyahət Sərgisində (Seoul International Travel Fair – SITF) nümayiş etdirilib.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, regionun aparıcı sərgilərindən biri olan SITF qlobal turizm peşəkarları üçün şəbəkələşmə, innovativ tendensiyaların öyrənilməsi və turizm sənayesində tanıtım imkanları yaradan dinamik platforma rolunu oynayır.
Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, eləcə də “Azərbaycan Hava Yolları” QSC və 5 turizm şirkəti təmsil edib. Ziyarətçilərə Azərbaycanın mədəniyyəti, milli mətbəxi və təbiət turizmi ilə əlaqdar məlumatlar təqdim edilib. O cümlədən Qarabağ və Şərqi Zəngəzur regionlarının turizm imkanları diqqətə çatdırılıb.
Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov da milli stendi ziyarət edib.