Lənkəran-Astara RMİ-nin tabe müəssisələri olan Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı rayon MKS-nin ilə birgə təşkilatçılığı ilə “Fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib.
Muzeydə təşkil olunan maarifləndirici tədbir BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına həsr olunub.
Muzeyin direktoru Əntiqə Tağıyeva konvensiyanın mahiyyəti və fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyəti barədə danışıb. Muzey və kitabxananın bu mövzuda tədbirlərə dəstək verdiyi və cəmiyyətin həssas qruplarına diqqətin artırılmasının vacibliyi vurğulanıb.
Əlil Qadınlar Cəmiyyəti Masallı şöbəsinin sədri Əminə Abiyeva, Masallı MKS-nin əməkdaşı Günay Xəlilova və digər çıxış edənlər fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və sosial-mədəni həyata cəlb olunmasının əhəmiyyətindən söz açıblar.
Çıxışlarda vurğulanıb ki, bu kateqoriyadan olan şəxslərin informasiya, təhsil, kitabxana və media xidmətlərinə əlçatanlığının təmin edilməsi, onlara diqqət və qayğının artırılması cəmiyyətin humanist dəyərlərinin bariz nümunəsidir.
Fiziki məhdudiyyətli uşaqlardan Röya və Rəna İsayeva bacıları yazdıqları hekayələri səsləndirərək tədbir iştirakçılarına duyğulu anlar yaşadıblar. Gülbahar Nəsirova gözəl rəqs nümunələri ilə tədbirə rəng qatıb.
Sonda tədbir iştirakçıları musiqi sədaları altında rəqs ediblər. Fiziki məhdudiyyətli uşaqlara hədiyyələr verilib, xatirə şəkli çəkdirilib.
Nurəddin