Özbəkistan və Türkiyə arxeoloqları Şahruxiyyədə birgə tədqiqat aparırlar

Özbəkistan və Türkiyə alimlərindən ibarət arxeoloji ekspedisiya Daşkənd yaxınlığındakı qədim Şahruxiyyə şəhər yerində araşdırma aparır.

Elmi ekspedisiya Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzi, Türk Tarix Qurumu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) tərəfdaşlığı ilə həyata keçirilir. Araşdırma türk və özbək arxeoloqlarını ilk dəfə bir araya gətirən layihə olaraq da diqqəti çəkir.

Ankara İldırım Bəyazid Universitetinin müəllimi dosent Tuba Tombuloğlunun rəhbərliyi ilə aparılan tədqiqatlarda türk tarixçi və arxeoloqlarla yanaşı, Özbəkistan Milli Arxeologiya Mərkəzinin antropoloq, bioloq və digər sahələr üzrə mütəxəssisləri iştirak edirlər. Qazıntı işlərinə Türkiyədən 14 mütəxəssis qatılıb.

2024-cü ildə araşdırmalara başlanıldığını bildirən T.Tombuloğlu deyib ki, layihənin məqsədi şəhərin keçmişinə işıq salmaq, eləcə də bu şəhəri çay suları tərəfindən məhv olmaqdan qorumaq, onu UNESCO-nun Dünya İrs Siyahısına daxil etməkdir.  

Araşdırmalar zamanı müxtəlif dövrlərdə bir sıra türk dövlətlərinin nəzarətində olan şəhərdə çoxlu böyük metallurgiya və şüşə emalatxanaları aşkar edilib. Burada Əmir Teymur dövrünə aid istehkam divarları altında potensial saray qalıqları mövcuddur. Bundan əlavə, ərazidən skelet qalıqları, zireh, dəbilqə və digər hərbi materiallar, həmçinin çoxlu sayda keramika və şüşə məmulatları da tapılıb.

Tədqiqatçıların fikrincə, Şahruxiyyə Teymurilər dövlətinin qarnizonu kimi də istifadə edilib. Əmir Teymuru 1405-ci ildə Çinə yürüş zamanı sonuncu dəfə burada qalıb.

"Qazıntılarda əldə ediləcək tapıntılar təkcə Özbəkistanın tarixi-mədəni irsinə deyil, bütövlükdə Türk dünyasının tarixinə töhfə verəcəyini ümid edirik", – deyə T.Tombuloğlu bildirib.

Qeyd edək ki, Böyük İpək Yolu üzərində yerləşən və 2 min illik tarixi olan Şahruxiyyə şəhəri Ağ Hunlar, Qərbi Göytürk Xaqanlığı, Qaraxanlılar və Teymurilər kimi türk dövlətlərinin hakimiyyəti dövründə çoxsaylı dəmir və şüşə sənayesi ilə tanınıb. Şəhər IX-XII əsrlərdə özünün ən parlaq dövrünü yaşayıb, burada mis və gümüş sikkələr zərb edilib.

Tədqiqatçılar hesab edir ki, eramızın I əsrindən Bənaket adı ilə tanınan şəhər Seyhun çayı sahillərində təpələrlə əhatə olunmuş təbii müdafiə divarları olan qala kimi meydana çıxıb. V əsrdə isə möhkəm müdafiə divarları ilə əhatə edilən geniş əraziyə yayılmış bir şəhərə çevrilib.

Şahruxiyyə 1220-ci ildə Çingiz xanın ordusu tərəfindən işğal edilərək dağıdılıb.

1392-ci ildə Əmir Teymurun qoşunları şəhəri azad etdikdən sonra burada geniş bərpa-quruculuq işləri həyata keçirilib. Şəhər Əmir Teymurun oğlu Şahruxun şərəfinə Şahruxiyyə adlandırılıb. Həmin dövrdən dəmir, zərgərlik, toxuculuq, dulusçuluq və şüşə istehsalı yenidən inkişaf edib, əlaqələri genişlənib.

XVIII əsrdə Orta Asiyada xanlıqlar arasında başlayan daxili müharibələr nəticəsində dəfələrlə əldən-ələ keçən və dağıntılara məruz qalan Şahruxiyyədən yalnız xarabalıqların əmələ gətirdiyi yüksək təpələr qalıb. Bu xarabalıqların bir hissəsi zamanla Şahruxiyyəni əhatə edən Seyhun çayının suları ilə yuyularaq yox olub. Qalan hissə də tarixdən silinmək üzrədir.