İyunun 18-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyini, əlaqələrimizin təməlində Ulu Öndər Heydər Əliyevin şüara çevrilmiş “Bir millət, iki dövlət” sözlərinin dayandığını bildirib.

İsa Həbibbəyli AMEA-nın qardaş Türkiyənin akademik qurumları ilə sıx münasibətləri olduğunu, bu günlərdə AMEA-nın və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq elmi konfransın keçiriləcəyini diqqətə çatdırıb.

Görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək I Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı nəzərdə tutulan işlər müzakirə olunub. AMEA-nın Türk Dil Qurumu ilə ortaq konfransların, seminarların təşkili və nəşrlərin ərsəyə gətirilməsinin əhəmiyyəti vurğulanıb.

Professor Osman Mert rəhbərlik etdiyi təşkilatın AMEA ilə sıx münasibətləri olduğunu söyləyib, I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı bir sıra təkliflərini səsləndirib.

Türk Dil Qurumunun rəhbəri AMEA-nın Rəyasət Heyətində Elektron akademiya şöbəsinin əməkdaşları ilə də  görüşüb, aparılan tədqiqatlarla tanış olub.