Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi davam edir.

Layihə çərçivəsində 18 və 19 iyun tarixlərində Şəki Dövlət Dram Teatrında məktəblilərə Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədovanın bildirdiyinə görə, tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədovdur. Musiqi tərtibatını Zeynəb Xəlilova, rəqslərin quruluşunu Çingiz Novruzəliyev verib.

Rolları aktyorlar Xəyal Salahov, Pərviz İsmayılov, Elvin Mabudov, Günay Novruzəliyeva, Rəşid Mirizadə, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova və digərləri ifa ediblər.

Səhnə əsərində yaşamaq eşqi ilə ürəyi döyünən Domrulun şər qüvvə olan Əzrayıl tərəfindən ram edilməsi, hər an onun arzularının puç olmasına çalışması ön plana çəkilir.

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinin məqsədi uşaq və gənclər arasında estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.