Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmiz XXXI Pekin Beynəlxalq Kitab Sərgisində (18-22 iyun) təmsil olunur.
Sərginin təqdimat salonunda Azərbaycan kitab mədəniyyətinə həsr olunmuş “Sözün İpək Yolu: Azərbaycan kitab ekosistemi” adlı panel müzakirəsi keçirilib. Tədbir Azərbaycan ədəbiyyatının beynəlxalq təqdimatı, nəşriyyat potensialı və Çin ilə mədəni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi ilə yadda qalıb.
Paneldə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair və esseist Qismət, “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, eləcə də Çin Şeiriyyat İnstitutunun katibi, şair Vanq Şan iştirak ediblər.
Çıxışlarda Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol, müasir dövrdə kitabların nəşrindəki dinamika, ədəbi tərcümələrin rolu və gənc oxucu auditoriyasına çıxış imkanları vurğulanıb. Spikerlər Azərbaycanın ədəbi irsinin Çində tanıdılması və qarşılıqlı nəşr təşəbbüslərinin genişləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyətini önə çəkiblər.
Həmçinin Azərbaycan və Çin xalqlarının dostluğunda, mədəniyyətlərarası dialoqda kitabın körpü roluna toxunulub, gələcək əməkdaşlığa dair təkliflər səsləndirilib.
Panelin sonunda iştirakçılar auditoriyanın suallarını cavablandırıblar.