Tarixdəki olaylar

 

9 iyun 1488 – Şahdağın ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə Qızılbaş (Səfəvi) qoşunları arasında döyüş olub. Döyüşdə Şirvanşahların qoşunları qalib gəlib, qızılbaşların rəhbəri Şeyx Heydər həlak olub. Bir neçə ildən sonra onun oğlu İsmayıl taxta çıxdı və Səfəvi dövlətinin əsasını qoydu.

 

9 iyun 1815 – Napoleonun süqutundan sonra başlanan (18 sentyabr 1814-cü il) və Avropada yeni düzəni müəyyənləşdirən Vyana Konqresi başa çatıb. Konqresin nəticələrinə əsasən, Polşa əraziləri tamamilə Rusiyaya birləşdirildi (onadək Rusiya və Prussiya arasında bölüşdürülmüşdü), Niderland Krallığı və İsveçrə Konfederasiyası yaradıldı.

 

9 iyun 1898 – Böyük Britaniya ilə Çin arasında “Syanqan konvensiyası” imzalanıb. Çin Syanqan (Honkonq) adasını 99 illiyə Britaniyaya icarəyə verib. 1984-cü ildə Londonla Pekin arasında imzalanan bəyannaməyə əsasən, Britaniya 1997-ci ildə adanı Çinə qaytardı. Honkonq azad iqtisadi zona statusu ilə Çinin inzibati ərazisi oldu.

 

9 iyun 1993 – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Gəncə hadisələri (4 iyun) ilə iflas etmiş Azərbaycan Xalq Cəbhəsi iqtidarı Heydər Əliyevdən qiyamçı polkovnik Surət Hüseynovla danışıqlar aparmağı və böhranı sahmanlamağı xahiş edib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

9 iyun 1870 – İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812 – 1870) vəfat edib. Əsərləri: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” və s.

 

9 iyun 1891 – Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter; 1891-1964) anadan olub.

 

9 iyun 1930 – Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 – 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir.

 

9 iyun 1960 – Tanınmış rəssam Ucal Həsən oğlu Haqverdiyev (1960–2004) Bakıda anadan olub. Əsərləri Fransa, Avstriya, Almaniya, Türkiyə və s. ölkələrdə sərgilənib.

 

9 iyun 1989 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915 – 1989) vəfat edib. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib. Mahnı Teatrını yaradıb.

 

9 iyun 2021 – Xalq artisti, aktyor, kinorejissor Ramiz Hacıağa oğlu Əzizbəyli (20.7.1948 – 2021) vəfat edib.  Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb, “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib. Filmlərin səsləndirilməsində iştirak edib.

Hazırladı: Vüqar Orxan