Tarixdəki olaylar
8 iyun 1604 – Səfəvi-Osmanlı müharibəsi (1603–1612) gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirib. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə indiki Azərbaycanın əksər əraziləri (Lənkəran-Astara bölgəsi istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi.
8 iyun 2002 – Prezident Heydər Əliyev Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə birlikdə dahi şair Nizami Gəncəvinin abidəsinin açılışında iştirak edib. Prezidentlər Xəzərin sektoral bölgüsü məsələsini də müzakirə ediblər. İki ölkə arasında Xəzərlə bağlı sazişin sentyabrda imzalanması qərara alınıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
8 iyun 1810 – Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 – 29.7.1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
8 iyun 1837 – Rus rəssamı İvan Kramskoy (1837–1887) anadan olub. Tarixi və portret janrında əsərlərin müəllifidir.
8 iyun 1885 – Arxeoloq Davud Mikayıl oğlu Şərifov (1885–1952) Tiflisdə doğulub. Azərbaycan Dövlət Tarix Muzeyinin müdiri olub, arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazıb.
8 iyun 1900 – Heykəltaraş İbrahim Hilal oğlu Quliyev (1900–1938) anadan olub.
8 iyun 1916 – İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini; 1916 – 6.4.2007) anadan olub. Komediya janrında filmlər (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə”) çəkib.
8 iyun 1981 – Azərbaycanın ilk professional qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (18.4.1897 – 1981) vəfat edib. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub.
Hazırladı: Vüqar Orxan