Xəbər verildiyi kimi, Yaponiyanın Osaka şəhərində keçirilən “Ekspo 2025” Dünya Sərgisində Azərbaycan da öz pavilyonu ilə təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Milli Günü keçirilib.
Tədbirdə Yaponiyanın “Ekspo 2025” üzrə səfiri, baş komissar Koji Haneda və Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov çıxış ediblər.
Koji Haneda Azərbaycanın Asiya ilə Avropa arasında vacib qovşaq rolunu oynadığını deyib. Bildirib ki, “Ekspo 2025”də dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanaraq yaradılan milli pavilyon Yaponiya ictimaiyyətinə Azərbaycan mədəniyyətini, ölkənin inkişafını təqdim edir.
Anar Ələkbərov Azərbaycan ilə Yaponiya arasında uzun illəri əhatə edən dostluq və əməkdaşlıq tarixinin olduğunu diqqətə çatdırıb. O, 2000-ci ildə Hannoverdən başlayan Ekspoda iştirak yolunun bu gün Osakada davam etdiyini, Milan və Dubay dünya sərgilərində Azərbaycan pavilyonlarının mükafata layiq görüldüyünü, eyni zamanda, ən çox ziyarət edilənlər arasında olduğunu bildirib. Anar Ələkbərov ölkəmizin “Ekspo 2025”də iştirak müqaviləsini imzalayan ilk ölkə olduğunu və hazırda milli pavilyonun ən çox ziyarət edilənlər sırasında yer aldığını deyib.
Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Qonaqlar “Ekspo 2025”dəki Yaponiya və Azərbaycan pavilyonlarını ziyarət ediblər.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanır. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji və davamlı inkişafa bağlılığı, eyni zamanda, dialoqa açıqlığı nümayiş olunur. Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən “Dostluq ağacı” da yer alır.
Aprelin 13-dən fəaliyyətə başlayan “Ekspo 2025” altı ay davam edəcək.