Azərbaycan Milli İncəsənət Muzeyində “Nesvij – dünya mədəniyyətinin irsi” mövzusunda sərgi açılıb. Sərgi Azərbaycan və Belarus Mədəniyyət nazirliklərinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi və Nesvij Muzey-Qoruğu tərəfindən təşkil olunub.

Sərgidə muzey-qoruğun yerləşdiyi Nesvij qəsrinin XVI-XVIII əsrlərə aid eksteryer və interyerlərinin təsvirləri, sərgi salonlarının fotoşəkilləri təqdim olunub, həmçinin videoçarx nümayiş etdirilib.

Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan “Saray ziyafətləri ənənələri” adlı ekskursiya təşkil olunub. Proqramda saray qəbullarının tərkib hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, knyaz ovunun təşkilinin xüsusiyyətləri, intellektual əyləncələr və oyunlar kimi mövzulara toxunulub.

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Nesvij qoruq-muzeyi həm Belarus, həm də Avropa mədəniyyətinin ensiklopediyası hesab etmək olar. Onun tərkibinə təkcə qalanın özü deyil, həm də müdafiə istehkamları və böyük park kompleksi daxildir. Bu gün Nesvij qəsri və onun təxminən əlli muzey zalı həm qədim, həm də müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır.

Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç jurnalistlərlə söhbətində qeyd edib ki, bu mədəni hadisə iki xalq arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi yolunda mühüm addımdır.

“Xüsusi məmnuniyyətlə qeyd edirəm ki, biz bir daha bizi mədəni məkanda birləşdirən, həm də qarşılıqlı hörmət və dialoq işinə xidmət edən təşəbbüsü həyata keçiririk”, - deyə o vurğulayıb. 

Diplomat bu ilin payızında Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyinə ümidvar olduğunu bildirib: “Biz gözləyirik ki, bu, mədəni əlaqələrimizin davamlılığı və dinamizminin daha bir bariz göstəricisi olacaq”.

“Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktorunun birinci müavini Nataliya Jerko vurğulayıb ki, muzey Azərbaycanda yeni sərgilərin keçirilməsi imkanını nəzərdən keçirir: “Biz istərdik ki, azərbaycanlı həmkarlarımızla birgə layihələr həyata keçirək, təkcə sərgi layihələri deyil, həm də elmi fəaliyyət, seminarlar, konfranslar çərçivəsində əməkdaşlıq edək”.

Sərgi 2025-ci il iyunun 15-dək açıq olacaq.