Mayın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konserti keçirilib.

Tamaşaçılıar arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatı Hicran Hüseynova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və başqa mədəniyyət xadimləri olub. 

Əvvəlcə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə konsertin proqramı barədə məlumat verib. 

Musiqili gecə A.Karamanovun piano və orkestr üçün “Ave Maria” 3 nömrəli konserti ilə başlayıb. Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Əməkdar artist Gülşən Ənnağıyevanın (piano) ifasında əsər Bakıda ilk dəfə səslənib. 

Dinləyicilərin gur alqışları altında G.Ənnağıyeva (piano) İ.S.Baxın “Adagio” əsərini, Məhəmmədəli Paşazadə (klarnet) isə K.Debüssinin "Klarnet və orkestr üçün 1 nömrəli rapsodiya"sını orkestrin müşayiəti ilə ifa ediblər. 

Konsert orkestrin ifasında K.Debüssinin “La Mer” (“Dəniz”) simfonik eskizi ilə sona çatıb.