Bir qrup mədəniyyət işçisi Füzuli və Xocavənd rayonundakı tarixi abidələri ziyarət edib.

Qarabağ Regional Mədəniyyət İdarəsindən (RMİ) verilən məlumata görə, 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan səfər zamanı Füzuli rayonunun Qarğabazar kəndindəki Şah Abbas karvansarası, Hacı Qiyasəddin məscidi, Qum hamamı və Xocavənd rayonu ərazisindəki Azıx mağarası ziyarət edilib.

Tarixi abidələr barədə ziyarətçilərə ətraflı məlumat verilib. Bildirilib ki, 1681-ci ildə inşa olunan Şah Abbas karvansarası Qarğabazar kəndinin mərkəzində təpənin ətrafında yerləşir. Karvansaranın memarı məlum olmasa da, tarixi abidə möhtəşəmliyi ilə diqqət çəkir. Lakin işğal zamanı erməni vandalları bu abidədən heyvanların saxlanc yeri kimi istifadə ediblər.

Kənd ərazisində olan Hacı Qiyasəddin məscidinin tikilmə tarixi 1683–1684-cü illərə təsadüf edir. Abidənin Hacı Qiyasəddin adlı şəxs tərəfindən tikdirildiyi bildirilir.

Deyilənə görə, Qum hamamı İlanlı dağdan gətirilən təbii daşlarla inşa olunub.

Qədim insan məskəni olan Azıx mağarası isə Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində yerləşir. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azərbaycan EA-nın Paleolit arxeoloji ekspedisiyası tərəfindən aşkar olunub.

Qeyd edilib ki, bu abidələr bizə əcdadlarımızın həyat tərzindən, düşüncəsindən, estetik zövqündən soraq verir.