Bu il ölkəmizdə ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalı çərçivəsində şəhər və rayonlarda müxtəlif tədbirlər, şənliklər, sərgilər təşkil edilir.

“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində daha bir rəngarəng və əyləncəli tədbir Samux şəhərində gerçəkləşib.

Heydər Əliyev adına parkda keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin rəsmiləri, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, məktəblilər iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

Sonra tədbirin balaca iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və siyasi fəaliyyətinə aid eksponatlarla tanış olublar.

İncəsənət xadimlərinin iştirakı ilə uşaqlar üçün ustad dərsləri təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Parkda rəngarəng guşələr yaradılıb, rəsm əsərlərindən, kreativ əl işlərindən ibarət sərgilər, ədəbi-bədii kompozisiyalar, rəqs nümunələri təqdim edilib.

Nurəddin