Bu il Azərbaycanda elan olunan “Konstitusiya və Suverenlik ili” ölkəmizdən kənarda da diplomatik nümayəndəliklər və diaspor təşkilatlarının iştirakı ilə çeşidli tədbirlərlə qeyd edilir. 

Belə tədbirlərdən biri Türkiyənin İğdır şəhərində gerçəkləşib. 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Qarsdakı Baş konsulluğu, İqdır Valiliyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə İqdırdakı “Milli bağ”da konsert keçirilib.

Tədbirə İqdır valisi Ercan Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İqdır Universitetinin rektoru professor Ekrem Gürel, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev və başqa rəsmilər də qatılıb.

Baş konsul Zamin Əliyev və digər çıxış edənlər Türkiyə-Azərbaycan tarixi qardaşlığından söz açıblar.

Sonra Azərbaycanın milli geyimlərinin nümayişi keçirilib.

Ardınca Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov və Əməkdar artist, xanəndə Rəvanə Qurbanovanın, eləcə də instrumental heyət və rəqqasların iştirakı ilə konsert proqramı təqdim olunub.

Tədbirin aparıcısı Türkiyədə yaşayan həmvətənimiz, İstanbul Universitetinin doktorantı, telejurnalist Səidə Ömər olub.

Proqramı böyük maraqla izləyən yerli sakinlər bu cür mədəni tədbirlərin davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.