Mərakeşin qədim Fes şəhərində keçirilən 28-ci Dünya Müqəddəs Musiqilər Festivalında Azərbaycanın zəngin musiqi irsi də uğurla təqdim olunub.
Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən bildirilib ki, konsert proqramında ölkəmizi Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə və Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov təmsil ediblər.
“Renaissances” (“Dirçəlişlər”) adlı tematik proqram çərçivəsində gerçəkləşən konsert Fesin məşhur Jnan Sbil bağında keçirilib.
600-dən çox yerli və xarici tamaşaçının olduğu konsertdə səsləndirilən Azərbaycan muğamı festival iştirakçılarını Şərqin zəngin musiqi dünyasına səyahətə çıxarıb. Tar və nağaranın vəhdətində ifa olunan əsərlər emosional təsiri ilə tamaşaçılarda xüsusi təəssürat yaradıb. İfaçıların səhnədəki peşəkarlığı, improvizasiya ustalığı və Azərbaycan musiqisinin ruhunu yaşadan təqdimatı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin ideyası – Qafqazdan Qazaxıstan çöllərinə qədər musiqi körpülərinin qurulması – müxtəlif mədəniyyətlərin və coğrafiyaların bir araya gəlməsinə xidmət edib. Azərbaycan muğamı bu zəngin musiqi xəritəsində öz orijinallığı, melodik zənginliyi və dərin mənəvi məzmunu ilə seçilərək festivalın ən yaddaqalan çıxışlarından biri olub.
Konsert ölkəmizin Mərakeşdəki səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
“Fondation Esprit de Fès” tərəfindən keçirilən bu nüfuzlu festival artıq 28 ildir ki, dünya musiqi irsinin qorunması və xalqlar arasında mədəni dialoqun təşviqi məqsədi daşıyır. Festivalda Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, digər diplomatlar, həmçinin diaspor nümayəndələrimiz də iştirak ediblər.