Tacikistanın paytaxtı Düşənbədə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb.
Tacikistan Milli Muzeyində təşkil olunan mərasimdə Azərbaycan və Tacikistan respublikalarının mədəniyyət nazirləri Adil Kərimli və Matlubaxon Sattoriyen, ölkəmizin Tacikistandakı səfiri Əlimirzamin Əskərov, eləcə də Türkiyə, Pakistan, Türkmənistan və digər ölkələrin diplomatları, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.
Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbrohimzoda muzey haqqında məlumat verib, Azərbaycanın mədəni irsi ilə bağlı sərginin muzeydə keçirilməsindən məmnunluğunu bildirib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin konsepsiyasından söz açıb.
Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.
Məlumat verilib ki, ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur. Sərgidə xalçalarla yanaşı, məişətdə geniş istifadə edilmiş xurcun, çul kimi məmulatlar da yer alır.
Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbi-hicran”, “Leyli və Məcnun” xalçaları da ekspozisiyanın ən maraqlı nümunələrindəndir. Sərgidə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” adlı ekspozisiyası yer alıb. Ekspozisiyanın ana xəttini Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il 200 illiyi geniş qeyd olunan görkəmli rəssam M.Q.İrəvaninin (1825-1875) AMİM-də qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi təşkil edir. Burada Azərbaycan Fotoqraflar Birliyinin “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi də tamaşaçılara təqdim olunur.
Sərgi 44 günlük Vətən müharibəsində Ordumuzun şanlı Zəfərinin beşinci ildönümünə həsr edilib. Nümayiş olunan fotolarda otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti və işğaldan sonra dövlətimiz tərəfindən aparılan bərpa prosesi öz əksini tapıb.