Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Mayın 20-də Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında mədəniyyət günlərinin təntənəli qala konsert təqdim olunub.

Konserti Azərbaycanın və Tacikistanın mədəniyyət nazirləri Adil Kərimli, Matlubaxon Sattoriyen, ölkəmizin Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov, eləcə də Düşənbədəki diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Əvvəlcə nazirlər Adil Kərimli və Matlubaxon Sattoriyen səhnəyə dəvət olunublar. Hər iki nazir çıxışında mədəniyyətin iki xalq arasında etibarlı körpü olduğunu qeyd edib, mədəni əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçılarımız arasında mövcud olan səmimi dostuq münasibətlərinin bütün istiqamətlərdə əlaqələrin inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb.

Sonra konsert proqramı başlanıb.

Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecədə ilk olaraq Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadə) “Nağaralarla rəqs” ilə tamaşaçıların diqqətini səhnəyə bağlayıb. Ansambl daha sonra Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası mövzularına “Fantaziya", “Qaytağı”, "Uzundərə" və "Ağ çiçəyim" rəqslərini böyük məharətlə ifa edib.

Xalq artistləri Gülnaz İsmayılova Tofiq Quliyevin “Bakı”, Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artistlər Səbuhi İbayev Xan Şuşinskinin “Şuşanın dağları", Aqşin Abdullayev Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərlərini ifa ediblər.

Fəqan Ələsgərov (balaban) Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Mircavid Cəfərov (tarzən) isə Həsən Rzayevin “Çahargah" rapsodiyası”nı səsləndirib.

“Dərviş” qrupu Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” və Ələkbər Tağıyevin “Qal, sənə qurban” mahnılarını təqdim edib.

Təntənəli gecədə tacik musiqisinə də yer verilib.

Xalq artisti Gülyaz Məmmədova "Şodu, şodu, şodam”, Əməkdar artist Lalə Məmmədova “Şirin dilbər”, Aşıq Samirə və Aşıq Əli (duet) “Bir gözələ aşıq oldum” və “Yorat manam” mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.

Qala konsert Əməkdar artist Xəyyam Mustafazadənin ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısı ilə başa çatıb.

Proqram tamaşaçılara unudulmaz sənət zövqü yaşadıb, bütün ifalar sürəkli alqışlarla müşayiət olunub. 

Konsertin sonunda iki ölkənin nazirləri səhnəyə çıxaraq ifaçılarla görüşüb, təqdim olunan gözəl proqrama görə onlara təbriklərini çatdırıblar.

Fariz Yunisli

Düşənbə