Uşaq və gənclər arasında “Azərbaycanım” rəsm festivalı bu il 8-ci dəfə keçiriləcək.

Müstəqillik Gününə (28 May) həsr olunmuş festival mayın 24-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Ənənəvi festival “Mənim gözlərimlə Azərbaycan!” mövzusuna həsr olunub.

Festival çərçivəsində elan olunan beynəlxalq müsabiqəyə Azərbaycanla yanaşı, ABŞ, Belarus, İran, Türkiyə, Qazaxıstan, Rusiya, Çin, Peru, Hindistan və Myanmadan olmaqla 2 minə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılıb. Sərgilərdə 900-ə yaxın rəsm əsəri nümayiş olunub və bu əsərlərin müəlliflərinə sertifikatlar təqdim edilib. Əcnəbi iştirakçılar tərəfindən elektron poçt vasitəsilə göndərilən əsərlər çap edilərək çərçivədə sərgilənib, müəlliflərinə diplom və sertifikatlar göndərilib.

Hər yaş qrupu üzrə I, II və III yerlər üçün, eləcə də həvəsləndirici mükafat və hədiyyələr təqdim olunacaq.

Tədbirin əsas məqsədi Azərbaycanın uşaqlar və gənclər tərəfindən necə görüldüyünü əks etdirmək, milli mədəniyyətin təbliği, eləcə də yerli və xarici iştirakçılar arasında mədəni mübadiləni təşviq etməkdir.